Zaqatalada bayramqabağı kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçirilir

Zaqatalada bayramqabağı kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçirilir
# 16 mart 2013 22:58 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada bayramqabağı kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkası keçirilir. Zaqatala rayon İcra Hakimiyyəti İH aparatından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,  Novruz bayramının gəlişi münasibətilə rayon icra hakimiyyətinin təşəbbüsü ilə Zaqatala şəhərinin Vidadi küçəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək üçün, kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkası keçirilir. İki gün davam edəcək yarmarkada əhaliyə rayonun bütün yaşayış məntəqələrindən gətirilmiş ət və süd məhsulları, balıq, quş əti, yumurta, tərəvəz, meyvə, göyərti və digər məhsullar təklif olunur. Yarmarkada satışa çıxarılmış məhsullar bazardakı mövcud qiymətdən  10-20 faiz aşağı qiymətə satılır. Belə ki,  bazarda mal ətinin kiloqramı 7 manat olduğu halda, yarmarkada 6-5 manata, bazarda kiloqramı 8 manata satılan qoyun əti  7 manata, balıq 4 manata, kənd yumurtası isə 15 qəpiyə təklif edilir. Yarmarkanın ilk günündə satışa 3 ton mal əti, 1 ton qoyun əti, 1 ton quş əti, 12 ton tərəvəz məhsulları, bir neçə min ədəd yumurta və digər məhsullar çıxarılıb. Zaqatala rayon İH-dən bildirilib ki, bayram ərəfəsində rayon əhalisinin  aztəminatlı təbəqələrini,  şəhid ailə üzvlərini, müharibə əlillərini, ahıl, tənha və kimsəsiz vətəndaşları nəzərə alaraq rayon icra başçısının təşəbbüsü ilə bayram sovqatları paylanılır. Ümumiyyətlə, bayrama kimi  rayonda 600-dən artıq aztəminatlı ailəyə bayram sovqatı çatdırılacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR