Kuba öz hava məkanını ABŞ-a açıb

Kuba öz hava məkanını ABŞ-a açıb
# 15 yanvar 2010 16:29 (UTC +04:00)
Bakı. Ayaz Abdulla – APA. Haitidə baş vermiş dəhşətli zəlzələdən zərər çəkmiş insanları fəlakət zonasından təyyarə ilə evakuasiya etmək məqsədilə Kuba hökuməti ABŞ təyyarələrinə öz hava məkanını açıb. APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Ağ Ev rəsmisi Tommi Vitor (Tommy Vietor) bildirib ki, ABŞ hərbçilərini daşıyan və Mayamidən qalxan təyyarələrin yolunun qısaldılması üçün Kuba öz hava məkanının məhdud ərazisindən istifadəyə razılıq verib.

“Zərərçəkmişlərin təyyarələr vasitəsilə kommunist adası üzərindən keçərək, Amerikanın Quantanamo körfəzindəki hərbi dəniz dayanacağına və ya Quantanamodan Florida ştatına kimi evakuasiya edilməsinə dair razılıq əldə olunub”, - deyə T. Vitor bildirib.
O, Kubanın bu addımı ilə uçuş vaxtının 90 dəqiqə azaldığını deyib.

Xatırladaq ki, ABŞ-ın hərbi xilaskarlar komandası Haitidəki zəlzələdə xəsarət alanları müalicə üçün Quantanamodakı bazaya, bəzi zərərçəkmişləri isə Quantanamodan Florida ştatına əlavə müalicəyə aparırlar.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama ötən ilin yanvarından vəzifəsini icra etməyə başlayandan sonra sələfi Corc Buşun (George W. Bush) sərt siyasət nəticəsində Kuba ilə daha da gərginləşmiş münasibətləri yumşaltmaq üçün imkanlar axtarır. Obama administrasiyası Kuba və Amerika arasında gediş-gəliş və nağd pul köçürmələrində olan məhdudiyyətləri yumşaldıb. Obama açıq bəyan edib ki, nə qədər Kuba hökuməti demokratik islahatları həyata keçirməyib, ABŞ Kubaya qarşı yeritdiyi uzunmüddətli iqtisadi embarqonu qüvvədə saxlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR