Çilili şaxtaçılar 4 ay “cəhənnəmdə” qalacaqlar

Çilili şaxtaçılar 4 ay “cəhənnəmdə” qalacaqlar
# 27 avqust 2010 02:49 (UTC +04:00)
Bakı-APA. Çilidə dərin şaxtada qalmış 33 mədən işçisinə bir neçə ay oradan çıxarıla bilinməyəcəkləri haqda məlumat verilib.
APA-nın bbc.com saytına verdiyi xəbərə görə, səhiyyə naziri Xaime Manaliş avqustun 5-dən 700 metr dərinlikdə olan şaxtaçıların bu xəbərə təmkinlə reaksiya verdiklərini bildirib.
Rəsmilər bu xəbərin fəhlələrin psixoloji durumuna pis təsir edəcəyindən ehtiyat edərək onu gecikdirirdilər.
Uzun müddətdə onların sağlamlığını qorumaq üçün xüsusi təlim və istirahət planı tərtib olunur.
Xilas quyusunun eni 66 santimetr olacağından şaxtaçılar bu ölçüyə qədər arıqlamalıdırlar.
Xilas quyusunun qazılmasına 4 aya kimi vaxt tələb oluna bilər.
Səhiyyə naziri deyir ki, vaxt ötdükcə onlarda depressiya, qəzəb və xəstəliklər peyda ola bilər.
Bundan əvvəl şaxtaçılar Çilinin milli bayramı olan 18 sentyabra qədər azad ediləcəklərinə ümidli idilər.
Onların rəhbəri Çili prezidenti ilə söhbətində "bizi bu cəhənnəmdən çıxarın" demişdi.
33 şaxtaçı 700 metr dərinlikdə, 50 kvadrat metrlik bir sahədə sığınacaq tapıblar.
Səhiyyə naziri deyir ki, onlar rejimlə yaşamalı, başlarını qatmağa öyrəşməli və gündüz-gecə saatlarına uyğun yaşamalıdırlar.
Amerikanın NASA kosmik agentliyinin nümayəndələri astronavtların həyat rejimi barədə məsləhət vermək üçün Çilidədir.
Şaxtaçılara xüsusi qazılmış nazik boru vasitəsilə qlükoza və su göndərilir.
Bundan başqa kiçik fənərlər, dərman və anti-depressiya dərmanları da aşağı salınır. Az sonra onlara müxtəlif stolüstü oyunlar da göndərilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR