Mahmud Əhmədinejad: “Əgər nüvə silahı qadağandırsa, niyə heç kəs İsrailə qarşı çıxmır?”

Mahmud Əhmədinejad: “Əgər nüvə silahı qadağandırsa, niyə heç kəs İsrailə qarşı çıxmır?”
# 22 iyun 2012 19:42 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. BMT-nin təşəbbüsü ilə iyunun 20-dən 22-dək Rio-de-Janeyroda “Davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Braziliyada səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad bu ölkədə mətbuat konfransı keçirib. APA-nın İran mətbuatına istinadən məlumatına görə, Qərbi kəskin tənqid edən M. Əhmədinejad deyib ki, dünyaya hakim olan hegemon qüvvələrin ayrı-seçkilik və qeyri-peşəkar siyasəti artıq bütün xalqlara məlumdur: “Bir neçə hegemon dövlət dünya xalqlarının mənafeyini özlərinin xeyrinə istifadə etməklə məşğuldur. Bu dövlətlər özlərinə kimyəvi silah və atom bombası istehsal etmək haqqı qazandırır və bu silahlardan digər xalqların məhvi üçün istifadə edirlər”. Onun sözlərinə görə, dünyada 3 milyard insan yoxsul vəziyyətdə yaşayır: “Bu o deməkdir ki, bəzi dövlətlərin vətəndaşları üçün adi həyat tərzini belə təmin etmək gücü yoxdur və yüz minlərlə arzu puça çevrilir”. M. Əhmədinejad bildirib ki, bugünkü vəziyyət bütün xalqları narahat edir: “Bütün bunlar bir qrup hegemon dövlətin dünya sərvətlərinə sahib olmaq hərisliyindən irəli gəlir. Bu baxımdan millətlər cəbhəsinin yaradılması vacibdir. Çünki dünyada bu cür qüvvələrə qarşı daimi və əhatəli mübarizə aparılması şərtdir”. O vurğulayıb ki, Qərb İranın elm və texnologiya sahəsində irəliləməsinə qarşıdır: “Nüvə silahı ilə bağlı iddialar onların əlində İranın inkişafına maneə törətmək üçün bir təzyiq vasitəsidir. İran nüvə enerjisinin digər enerji növləri kimi bütün millətlərin istifadə etməsini vacib sayır”. M. Əhmədinejad deyib ki, 1979-cu il islam inqilabından əvvəl nüvə məsələsi ilə bağlı Qərb ölkələri ilə İran arasında 6 müqavilə imzalanmışdı: “Ancaq inqilabdan sonra Qərb ölkələri həmin müqavilələri birtərəfli qaydada ləğv etdilər və İrana olan milyardlarla dollar borclarını hələ də ödəməyiblər. Bu gün İran AEBA ilə ən çox əməkdaşlıq edən və NPT müqaviləsini imzalayan ilk ölkələrdən biridir. İran dəfələrlə nüvə silahı istehsal etmək niyyətində olmadığını açıqlayıb. Bu günədək İran nüvə fəaliyyətlərinin belə bir istiqamətdə olduğuna dair hər hansı bir sübut tapılmayıb”. İran prezidenti deyib ki, İsrail Qərbin dəstəyi ilə 200 nüvə başlığına sahib olub və bunu açıq şəkildə də bəyan edir: “Əgər nüvə silahı qadağandırsa və Yaxın Şərq bölgəsində heç bir ölkə atom bombasına sahib olmayacaqsa, niyə İsrailə qarşı çıxılmır? Niyə ABŞ və bəzi Avropa ölkələrinin minlərlə nüvə başlığı var?”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR