Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhali üçün aktual olan iş sahələrində 30-a yaxın e-xidmət vətəndaşların istifadəsindədir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, geniş istifadəçi kontingenti ilə seçilən bu e-xidmətlərdən vətəndaşlar təkcə cari ilin yanvar-mart aylarında 2 mln. 606 min 638 dəfə faydalanıblar.
Mütərəqqi innovasiyalar əsasında əmək və sosial müdafiə sahələrində idarəetmə sisteminin səmərəli təşkili təmin olunmaqla bərabər, avtomatlaşdırılmış infrastruktur üzərində təqdim olunan e-xidmətlər həmin sahələrlə bağlı xidmətlərin vətəndaşlar üçün rahatlığına və əlçatanlığına, əhalinin bu xidmətlərdən onlayn rejimdə tam şəffaf şəraitdə faydalanmasına imkan verib. Azərbaycanın əmək və sosial müdafiə sahələrində elektron nailiyyətləri BMT, Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası və digər mötəbər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərindən vətəndaşlara onlayn rejimdə, rahat və şəffaf şəraitdə istifadə imkanlarının yaradılması işlərinin davamı kimi, bu günlərdə növbəti yenilik olaraq fərdi uçot əsaslı vahid rüblük hesabat alt sistemi də işə salınıb. Bu yeni sistem sığortaedənlərin təqdim etdiyi hesabat formalarının ümumi sayının azaldılaraq vahid rüblük hesabatla əvəz edilməsinə, hesabatların təqdim olunması prosesinin daha da sadələşdirilməsinə imkan verib. Sığortaedənlər rüblük hesabatlarını Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununa əsasən elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir.
Rüblük hesabatların sığortaedənlər tərəfindən elektron sənəd formasında elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza (E-imza və Asan İmza) ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə həyata keçirilir.
Bununla yanaşı, çoxsaylı müraciətləri nəzərə alaraq işəgötürən qismində çıxış etməyən, yəni işçisi olmayan sığortaedənlərə ilkin mərhələdə rüblük hesabatların təqdim edilməsi üçün Elektron hökumət portalının istifadəçi adı və şifrədən istifadə etmək imkanları verilmişdir.
Əmək və sosial müdafiə sahələri üzrə e-xidmətlər ölkədə “Elektron hökumət” portalının əhatə dairəsinin də əhəmiyyətli şəkildə genişlənməsinə səbəb olub. Cari ilin birinci rübü ərzində portala müraciətlərin (4 milyon 949 min 911 müraciət) yarıdan çoxu və ya 52,6%-i məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinin payına düşüb.