Bakı. Könül Kamilqızı – APA. Artıq valideynlər onlayn formada Bakıda fəaliyyət göstərən bütün poliklinikalarda həkimin qəbuluna yazıla və ya onu evə çağıra bilərlər. Bunu APA-ya Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin informasiya siyasəti şöbəsinin müdiri Arzu Mirzəyev deyib.
Nazirlik rəsmisi qeyd edib ki, “Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna e-qeydiyyat” elektron xidməti vasitəsilə 18 yaşına çatmamış uşaqların valideynləri onların qeydiyyatda olduğu uşaq poliklinikasına getmədən həkim qəbuluna yazıla və ya evə çağırış edə bilər.
Qeyd olunub ki, yeni xidmət geniş reklam olunmadığına görə vətəndaşlar tərəfindən istifadə olunmur. Onun sözlərinə görə, yeni xidmət Bakı şəhərinin bütün poliklinikalarına aiddir: “Vətəndaş evdən öz kompyuteri vasitəsilə poliklinikaya müraciət edərək evə həkim çağıra bilir və ya həkimin qəbuluna yazıla bilir. Yeni proqramda bütün poliklinikaların, xəstə qəbul edən həkimlərin qeydiyyatı var və proses bu qeydiyyata əsasən həyata keçirilir”.
Qeyd edək ki, ilkin olaraq bu xidmətdən Yasamal rayonunda yerləşən 5, 10, 13 saylı Uşaq Poliklinikalarında və 39 saylı Şəhər Poliklinikasında qeydiyyatda olan şəxslər yararlana biliblər. Artıq elektron xidmət Bakı şəhəri üzrə tam istifadəyə verilib.