Bakı. Etibar Məmmədov - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının qəbul edilməsinin 26-cı ildönümü münasibətilə "Uşaq hüquqları: inkişaf və perspektivlər" mövzusunda tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitənin sədr müavini Aynur Sofiyeva bildirib ki, indiyədək komitə tərəfindən uşaq hüquqları ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, həmin tədbirlərdə uşaqların üzləşdiyi problemlərin həlli ilə bağlı təkliflər irəli sürülüb: "Mən çox şadam ki, bizim layihələrimizdə uşaqlar da iştirak edir. Bu gün dünyada gedən proseslərin fonunda Azərbaycanın sürətli inkişafı göz qabağındadır. Ölkədəki inkişaf bütün sahələrdə olduğu kimi, uşaqların hüquqlarının inkişafı sahəsində də özünü göstərir. Bu inkişaf uşaqların düzgün tərbiyə edilməsi, təhsil alması və hüquqlarının qorunması üçün böyük şərait yaradır. Uşaqlarla bağlı qəbul edilən bir neçə dövlət proqramı da uşaqlara xüsusi diqqət və qayğının göstəricisidir".
A. Sofiyeva əlavə edib ki, bu gün uşaq zorakılığına qarşı mübarizə də komitə tərəfindən diqqətdə saxlanılan mövzulardan biridir.
Sonda uşaqların rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.