İran gömrük xidmətinin nümayəndələri Naxçıvanda işgüzar səfərdə olub

İran gömrük xidmətinin nümayəndələri Naxçıvanda işgüzar səfərdə olub
# 16 avqust 2016 10:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərinin gömrük xidməti rəhbərlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Şərqi Azərbaycan Vilayəti Gömrüklərinin rəisi Ələsgər Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Naxçıvan Dövlət Gömrük Komitəsində görüş keçirilib.

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi kimi İranın yaxın vilayətləri ilə Naxçıvan arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini, gömrük sahəsində əməkdaşlığın ildən-ilə genişləndiyini bildirib.

Nümayəndə heyətinin rəhbəri Ə. Abbaszadə İran tərəfinin qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib. Görüşdə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrım da iştirak edib.

Danışıqlar zamanı ikitərəfli gömrük və ticarət əlaqələrinin sadələşdirilməsi məsələləri müzakirə edilib. Tərəflər sərhəd-keçid məntəqələrinin iş saatının artırılması, mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, gömrük nəzarətində “bir dayanacaq” prinsipinin tətbiqi, ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün qarşılıqlı görüşlərin mütəmadi qaydada təşkili və bir sıra digər mühüm məsələlərlə bağlı ilkin razılığa gəliblər.

Birgünlük səfər proqramı çərçivəsində Naxçıvanın bir sıra görməli yerlərini gəzən qonaqlar Biznes Mərkəzində də olublar. Mərkəzlə tanışlıq zamanı qonaqlara muxtar respublikanın sosial-iqtisadi inkişafı, Naxçıvanda istehsal olunan mallar, o cümlədən ixrac potensialı olan yerli istehsal məhsulları barədə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR