ABŞ Prezidenti Donald Trampın ailəsi onun ikinci prezidentlik müddətinin başlanmasından bəri kriptovalyuta ilə bağlı layihələrdən azı 2,3 milyard dollar gəlir əldə edib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentlik Tramp ailəsinin kriptovalyuta sahəsindəki dörd əsas layihədən nə qədər gəlir əldə etdiyini, bu layihələrə nə qədər vəsait yatırdığını və xarici investorlar üçün nəticələrin necə olduğunu təhlil edib.
Məlumata görə, aprelin sonuna qədər Tramp ailəsi kriptovalyuta layihələrindən demək olar ki, heç bir risk olmadan 2,3 milyard dollar qazanıb. Eyni dövrdə digər investorlar da təxminən 2,3 milyard dollar həcmində zərər və ya potensial itkilərlə üzləşiblər.
Məlumata görə, Tramp ailəsinə gəlir gətirən şirkətlər arasında “World Liberty Financial”, “AI Financial Corp” və “American Bitcoin” yer alır.
Xüsusilə “World Liberty Financial” token satışlarından təxminən 1,4 milyard dollar gəlir əldə edib.
Agentlik qeyd edir ki, layihələrin həyata keçirilməsində Donald Trampın oğulları Erik Tramp və Donald Tramp Jr. da iştirak edirlər.