Vəzifəli şəxslərin adından dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

 Vəzifəli şəxslərin adından dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib
# 02 noyabr 2016 12:26 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Alim İbrahimov və Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslərdən Adil Həsənov dindirilib. O bildirib ki, tikinti biznesi ilə məşğul olur və vergi məsələsi ilə bağlı problemləri həll etmək üçün təqsirləndirilən şəxslərə 123 min manat verib. A. Həsənov deyib ki, T.Comərdov Alim İbrahimovu vergilər nazirinin 1-ci müavini Natiq Əmirovun müşaviri kimi təqdim edib. O da inanaraq pulu verib: “49 min manat və 2 min avro pulu Alim İbrahimova Vergilər Nazirliyinin qarşısında vermişəm”.


Təqsirləndirilən Alim İbrahimov isə gülərək deyib ki, ondan pul almayıb.

Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Fikrət İbrahimov isə bildirib ki, qardaşı ilə şərikli qapı-pəncərə sexi işlədiblər, digər tikinti materiallarının da satışı ilə məşğul olublar. O, təqsirləndirilən şəxslərdən Alim İbrahimovu tanıdığını deyib. F. İbrahimov deyib ki, Alim İbrahimov ona özünü prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezidentinin Administrasiyası rəhbərinin müavini Əli Əsədovun mühafizə xidmətinin rəisi kimi təqdim edib. F. İbrahimov deyib ki, Alim İbrahimov ondan 94 min manat dəyərində armatur alıb, lakin pulun 28 min manatını verməyib.

Alim İbrahimov onun dediklərini təsdiqləyib.

Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.


Qeyd edək ki, Alim İbrahimov və Tərlan Comərdov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR