Milli Məclisin iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub.
APA-nın məlumatına görə, çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib ki, qanunda xarici dillərin tədrisi də əksini tapmalıdır. O qeyd edib ki, bu tədris məktəbəqədər təhsil müəssisələrindən başlamalıdır ki, uşaqlar əcnəbi dilləri bilsinlər: “Məncə, qanunda idman dərsləri də öz əksini tapmalıdır. Ancaq biz nə qədər danışsaq da, gözəl qanunlar yazsaq da, vəsait ayrılmasa, məktəbəqədər təhsil müəssisələri tikilməsə, çətin olacaq. Bu sahədə çalışan sahibkarlara, müəssisələrə ciddi vergi güzəştləri verilməlidir. Dövlət çalışmalıdır ki, göydələn tikən sahibkarlar bu zaman kompleksdə məktəbəqədər təhsil müəssisələrinin olmasına xüsusi diqqət yetirsinlər”.
Vahid Əhmədov isə deyib ki, bütün məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi üçün şərait yaradılmalıdır, lakin bu məsələ qanun layihəsində yoxdur.
Çıxış edən Elmira Axundova, Aqiyə Naxçıvanlı, Fazil Mustafa və digərləri də iradlarını bildiriblər. MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli iradların bir qismi ilə razılaşmasa da, digər qismini ikinci oxunuşda nəzərə alacaqlarını söyləyib. MM sədrinin 1-ci müavini Ziyafət Əsgərov da İ. Həbibbəyliyə çatışmazlıqların ikinci oxunuşda nəzərə alınmasını tövsiyə edib.
Sonda qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub.