Bakı – APA. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təyin olunan səfiri Daşqın Şikarov etimadnamələrin surətini bu ölkənin xarici işlər nazirinin birinci müavini Məhəmməd Mir Abdullah Ər-Rəisiyə təqdim edib.
Azərbaycanın BƏƏ-dəki səfirliyindən APA-ya verilən məlumata görə, BƏƏ-yə səfir vəzifəsinə təyin olunmasından məmnunluğunu bildirən D. Şikarov Azərbaycanı və BƏƏ-ni bağlayan dostluq və əməkdaşlıq əlaqələrinin daha yeni müstəviyə çatdırmaq istiqamətində səylərini əsirgəməyəcəyini vəd edib.
D. Şikarov BƏƏ-nin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfərini xatırladaraq, bu səfərin Azərbaycan-BƏƏ siyasi əlaqələrinin möhkəmləndirilməsi baxımından önəmli olduğunu xüsusilə qeyd edib. Eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyevin qardaş BƏƏ-yə rəsmi səfərinin gözlənildiyini yada salaraq, səfir dövlət başçısının qardaş ölkəyə səfərinin uğurla keçəcəyinə böyük ümid bəslədiyini bildirib, səfərin təşkilində göstərilən dəstəyə görə Ər-Rəisiyə təşəkkür edib.
Azərbaycan səfirini təyinatı münasibətilə təbrik edən BƏƏ XİN rəhbərinin I müavini ona yeni vəzifəsində müvəffəqiyyətlər diləyib və vəzifə səlahiyyətləri daxilində istənilən məsələdə yardım etməyə hazır olduğunu diqqətinə çatdırıb. XİN rəsmisi Şeyx Məhəmməd bin Raşidin Bakıya səfərin uğurla keçdiyini vurğulayıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli çəkisini xüsusilə qeyd edib. Prezident İlham Əliyevin rəsmi səfərinə gəlincə, Ər-Rəisi səfərin yüksək səviyyədə keçəcəyinə əmin olduğunu bildirərək, Azərbaycan səfirinin öz diplomatik fəaliyyətinə uğurla başladığını xüsusilə qeyd edib və belə uğurların davamlı olmasını arzu edib.
Bu görüşündən sonra D. Şikarov BƏƏ xarici işlər nazirinin Protokol məsələləri üzrə müavini Şihəb Əl-Fəhimlə görüşüb.