Lənkəran. Ağəddin Babayev – APA. Uzunmüddətli yağıntılar səbəbindən Lənkəranın dağ kəndlərinə gedən yollarda çökmə və sürüşmələr qeydə alınıb. Yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, sürüşmə əsasən rayonun Daştatük və Biləsər kəndlərinə gedən yolda baş verib. Dağlardan axan sel sularının gətirdiyi torpaq qatı, lil-lehmə, ağac qırıntıları yola tökülərək nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Biləsər ərazi vahidliyi üzrə nümayəndəliyindən APA-ya bildirilib ki, son zamanlar sözü gedən yolda bir neçə dəfə sürüşmə faktı baş verib. Lakin yerli qurumların müdaxiləsindən sonra yol təmizlənməklə nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.