Amsterdamda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan “Amsterdam Royal Concertgebouw” tərəfindən son illər ərzində müxtəlif dinlərə məxsus “Passions” - “İlahilər” layihəsi həyata keçirilir. Artıq dünyanın ayrı-ayrı dini mənsubiyyətli görkəmli bəstəkarlarına əsərlər sifariş olunub və səsləndirilib: “2015-ci ildə İslam dininə aid olan ilahilərin də bəstələnməsi Firəngiz Əlizadəyə həvalə olunub. “Nasimi Passion” əsərinin məşqləri artıq bir neçə aydır ki, dünya şöhrətli ingilis dirijoru Martins Brabbinsin idarəsi ilə Hollandiyanın Kral simfonik orkestri, xoru və solistləri tərəfindən aparılırdı".
Əsərin premyerasından əvvəl həmin sarayda bəstəkarla görüş keçirilib. Firəngiz Əlizadə Azərbaycanın böyük mütəfəkkiri İmadəddin Nəsimi barədə danışıb, onun Yaxın Şərq ədəbiyyatına gətirdiyi mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açıb.
Bəstəkar bildirib ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta Əsr sufi fəlsəfəsi yanaşı işlənib. Əsərdə Şərq təfəkkürünün və onun fəlsəfi ideyalarının özəyini təşkil edən tendensiyaların müasir üsullarla sintezi təqdim olunub.
Konsert zamanı əsərin sözləri tərcümə edilərək ekranda göstərilib. Konsertdən sonra musiqiçilər və solistlər əsərdən söz açaraq fikir mübadiləsi aparıb, hisslərini bölüşüblər.