Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan “Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfransın açılış məraismi keçirilib. APA-nın xəbərinə görə, AMEA-nın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar institutuları və Mərkəzi Nəbatət Bağının təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd respublikada botanika elminin tarixi inkişaf mərhələlərini nəzərdən keçirmək, müasir vəziyyəti qiymətləndirmək və biomüxtəlifliyin saxlanılmasında innovativ botaniki tədqiqatların rolunu müəyyənləşdirməkdir.
AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, Botanika İnstitutu fəaliyyət göstərdiyi 80 il ərzində bir çox nailiyyətlər əldə edib. Onun sözlərinə görə, vaxtilə Azərbaycanda bu kimi institutlar, elm mərkəzləri yaranmasaydı, elmin bugünkü inkişafına nail olmaq çətin olardı: “Qafqaz florasının öyrənilməsinin əsası Botanika İnstitutunda qoyulub. Bu gün də müxtəlif sahələri öyrənmək üçün informasiya-texnologiyalardan istifadə olunmalıdıır. Azərbaycan ərazisinin müxtəlif ekosistem sahələrinin monitorinqi aparılmalı və xəritələri yaradılmalıdır. Müxtəlif elm istiqamətlərin modernləşdirilməsinə diqqət yetirilməli, Azərbaycanın meşə tiplərini əhatə edən monoqrafiya hazırlanmalıdır”.
AMEA-nın biologiya və tibb elmləri bölməsinin akademik-katibi Əhliman Əmiraslanov ölkədə elm, təhsil müəssisələrinin yubileylərinin qeyd edilməsinin ənənəyə çevrildiyini bildirib. Onun sözlərinə görə, Botanika İnstitutu tarixən ali təhsil müəsisələrinin fəaliyyət göstərən kafedralar üçün kadr hazırlayan müəssissə olub. Bu gün yeni yaradılan nanotexnologiya, mikrobiologiya, dendralogiya kimi sahələrin inkişafı da botanikanın adı ilə bağlıdır.
Tədbirin davamında Botanika İnstitutunun direktoru Validə Əlizadə, xarici qonaqlar müxtəlif mövzularda məruzələrlə çıxış edib.
Qeyd edək ki, konfrans “Bitki müxtəlifliyinin mühafizəsi”, Qlobal iqlim dəyişiklikləri”, “Ərzaq və kənd təsərrüfatı üçün biomüxtəliflik” seksiyaları üçün plenar iclaslarla AMEA-nın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar institutularında və Mərkəzi Nəbatət Bağında oktyabrın 4-dək davam edəcək. Konfransda botanika elminin müxtəlif sahələri üzrə 9 ölkəni təmsil edən 30-a yaxın yuxarı xarici və 100-dən yuxarı yerli alim və mütəxəssislərin plenar və poster məruzələri dinləniləcək.