Sanitariya normalarını pozan qeyri-sahibkarlıq subyektlərinə qarşı qadağalar təsdiqlənib

Sanitariya normalarını pozan qeyri-sahibkarlıq subyektlərinə qarşı qadağalar təsdiqlənib
# 02 mart 2016 20:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloölu-APA. Səhiyyə Nazirliyinin Kollegiyası “Dövlət sanitariya-epidemioloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar istifadə edilən sənədlərin tərtibi və tətbiqi Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, yeni Qaydaların təsdiqi ilə əlaqədar “Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulması hallarında istifadə edilən sənədlərin tərtibi və tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında” Səhiyyə Nazirliyinin 26.07.2004-cü il tarixli 106 nömrəli əmri ləğv edilib.

Bu Qaydalar dövlət sanitariya nəzarəti xidməti tərəfindən qeyri-sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qüvvədə olan sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulması hallarında məhdudlaşdırıcı tədbirlərin tərtib və tətbiq edilməsi qaydasını müəyyən edir. Qeyri-sahibkarlıq subyektlərinə münasibətdə normativ hüquqi aktların pozulması hallarında Xidmət tərəfindən aşağıdakı məhdudlaşdırıcı tədbirlər tətbiq edilir:


- təşkilatların, ayrı-ayrı sahələrinin, otaqlarının, binalarının, qurğularının, avadanlığının, nəqliyyat vasitələrinin istismarını, eləcə də ərzaq xammalının və qida məhsullarının saxlanmasını, daşınmasını, içməli su mənbələrindən, təsərrüfat və ya sağlamlaşdırma məqsədləri üçün su mənbələrindən istifadə olunmasını zəruri tədbirlər görülənədək və normativ hüquqi aktların mövcud pozuntuları aradan qaldırılanadək dayandırmaq;
- normativ hüquqi aktlara əməl etmək mümkün olmadıqda sadalanan işlərə xitam vermək;
- yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxsləri, habelə sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxsləri işdən kənarlaşdırmaq.

Şəxs məcburi göstərişləri yerinə yetirməsi və məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırması barədə xidmətə yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində xidmət pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində məcburi göstərişlərin yerinə yetirilmədiyi və məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur, şəxsə yazılı məlumat verilməklə qərar qüvvədə qalır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduqda xidmət məhdudlaşdırıcı tədbirlərin ləğvinə yazılı razılıq verir. Məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırılması barədə xidmətə yazılı məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində xidmət tərəfindən yazılı məlumat verilmədikdə qərar qüvvədən düşmüş hesab edilir. Qərarda göstərilən müddət ərzində tədbirlər icra edilmədikdə “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq məcburi icraya yönəldilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR