Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün Milli Məclisin plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
"APA-Economics"in xəbərinə görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, hazırda qüvvədə olan qanuna əsasən sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməlidir.
Qanuna təklif edilən dəyişiklik bu tələbin daha korrekt ifadə olunması ilə bağlıdır. Başqa sözlə, sahibkar yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.