Abşeron rayonunda iki küçə təmir olunub

Abşeron rayonunda iki küçə təmir olunub
# 01 avqust 2016 13:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azəravtoyol” ASC tərəfindən Abşeron rayonu Hökməli-Qobu-Güzdək avtomobil yolunun bir hissəsi və Masazır qəsəbəsinin iki küçəsi əsaslı şəkildə təmir olunub.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı 11 km uzunluğunda və 9,5 metr enində olan Hökməli-Qobu-Güzdək avtomobil yolunun 1,5 km-lik hissəsi əsaslı şəkildə təmir olunub.

Sözügedən ərazidə aparılan əsaslı təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Bundan başqa qrunt sularının kənarlaşdırılması üçün ərazidə təqribən 1 km uzunluğunda drenaj sistem yaradılıb.

Yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə gətirilib və 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə 15 min kvadratmetrə yaxın sahə asfaltlanıb.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Abşeron rayonunda aparılan kompleks tədbirlər çərçivəsində Masazır qəsəbəsinin bir-neçə küçəsində təmir işləri aparılıb. Təmir işləri ilkin olaraq qəsəbənin Heydər Əliyev və Zərifə Əliyeva küçələrində aparılıb. Müvafiq olaraq küçələrin uzunluqları 1 200 və 1 280 metrdir.

Aparılan işlər çərçivəsində zəruri yerlərdə yol yatağı kipləşdirilib və asfalt-beton örtüyünün döşənməsi üçün yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilib. Daha sonra Heydər Əliyev küçəsinin 5 400 kvadratmetr, Zərifə Əliyeva küçəsinin isə 7500 kvadratmetrə sahəsinə yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa, küçələrdə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə piyada səkilərinin tikintisi işləri də aparılıb. Səkilər 1-1,5 metr enində tikilib, kənarlarına səki daşları düzülərək asfaltlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR