Bakı-APA. Yanvarın 18-də Bərdədə ziyalıların, ağsaqqalların, sahibkarların, iş adamlarının, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə keçirilən müşavirə keçirilib.
Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, müşavirədə rayon İH başçısı Vidadi İsayev dünya iqtisadiyyatında yaşanan böhranın Azərbaycandan da təsirsiz keçmədiyini, istehlak bazarının tənzimlənməsi sahəsində Azərbaycan prezidenti tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verib.
İH başçısı rayonda süni qiymət artımının qarşının alınması üçün yaradılmış komissiyaya, rayonun aidiyyatı qurumlarının rəhbərlərinə maarifləndirici tədbirlərin gücləndirilməsi, daxili imkanlar hesabına vaxtaşırı kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkili, ictimai-iaşə, xidmət və topdan satış müəssisələrinin, bazarların fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.
Açıq dialoq şəraitində keçən müşavirədə çıxış edən “Qarabağ” çörək zavodunun direktoru Füzuli İsmayılov, “Bərdə” çörək zavodunun direktoru Məhərrəm Şəfiyev, rayon prokuroru Fəxrəddin Məmmədov, rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov ölkəni dünya iqtisadi böhranının təsirlərindən qorumaq üçün apardığı uğurlu siyasətə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.