Şəmkir. Azər Məmmədli – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Şəmkir rayonunda vətəndaşları qəbul edib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, A. Rəhimov Şəmkir rayonunda Qazax, Ağstafa, Tovuz, Gədəbəy və Şəmkir rayonundan olan vətəndaşlarla görüşüb.
Qəbula gələn 50-ə yaxın vətəndaşın müraciətləri əsasən xidmətdə işə düzəlmə, veteran adı alma, övladlarının xidmət yerinin müəyyən edilməsi, ailə vəziyyəti ilə əlaqədar olaraq xidmətin uyğun yerdə aparılması və digər məsələlərlə bağlı olub.
Xidmətin rəisi qəbulda iştirak edən vətəndaşları narahat edən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib, qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapıb. Eyni zamanda, vətəndaşların Xidmətin fəaliyyət sahəsinə aid olmayan məsələlərlə bağlı, eləcə də şəxsi xarakterli müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.