Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı ilin sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 69 710 müqavilə qeydiyyata alınıb.
İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, bunların 10 625-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 2016-cı ilin sentyabr ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,7 mln. manata yaxın olub.
2015-ci ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3%, sığorta haqlarının məbləğində isə 2% artım müşahidə edilib.
Sentyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin avqust ayı ilə müqayisədə 2,7% artaraq 81,4 manat təşkil edib.