Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2015-ci ilin yanvar-sentyabr aylarında sahibkar subyektləri arasında 50 mindən artıq yoxlama aparılıbsa, bu ilin 9 ayında yoxlamaların sayı 50 olub.
“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda konfransda iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, bu il gömrük sahəsində olduqca ciddi işlər görülüb və elektron gömrük sisteminə keçirilib. Onun sözlərinə görə, lisenziyaların verilməsi prosesi daha da sadələşdirilib: “Əvvəllər lisenziyalar müəyyən müddətə verilirdisə, bu gün bu lisenziyalar müddətsiz verilir. İqtisadiyyat Nazirliyi bir neçə saat ərzində sahibkarlara lisenziyalar verir”.
Ş. Mustafayev bildirib ki, bu ilin beş ayı ərzində ölkəyə 800 mln. manatdan artıq investisiya qoyulması üçün şərait yaradılıb: “Sahibkarlığa Kömək Milli Fondu yarandığı gündən bu günə qədər 32 min layihənin maliyyələşdirilməsi üçün 2 mlrd. manatadək güzəştli kredit verilib”.
Nazir xammal çatışmazlığı ilə bağlı işlər görüldüyünü vurğulayıb: “Bizim üçün ən əsas məsələ qeyri-neft ixracının artırılmasıdır. Bu ilin doqquz ayında bu göstərici 844 milyon manatdan artıq olub ki, bunun da əsas hissəsini meyvə-tərəvəz və mebel istehsalı təşkil edib. Bu il qeyri-neft sektorunun coğrafiyası artıb”.
Nazir son illərdə Azərbaycanda texnoparkların və sənaye parklarının yaradılmasından və burada sahibkarlara yaradılan şəraitdən də danışıb. O, sahibkarlar üçün yaradılan imkanlardan və Azərbaycanda istehsal olunan məhsul və malların dünyada “Made in Azerbaijan” brendi ilə tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib. Nazir bu ilin noyabr ayında Çində keçiriləcək sərgiyə Azərbaycanda istehsal olunan şərabın ixracının təmin ediləcəyini qeyd edib.