Bakı – APA. Ağ Evdə Barak Obama və Ukraynanın baş naziri Arseni Yasenyuk arasında keçiriləcək görüşün fonunda ABŞ prezidentinin müşavirləri Vaşinqtonun əlindəki iqtisadi “silah”lardan Rusiyaya qarşı hansı səviyyədə istifadə edilə biləcəyi üzərində baş sındırırlar.
APA-nın xəbərinə görə, nüfuzlu “The New York Times” qəzeti adının çəkilməsini istəməyən mənbəyə istinadən yazıb ki, ABŞ administrasiyası sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatına ciddi zərbə vura biləcəyi qənaətinə gəlib. Rusiyadakı ayrı-ayrı şəxslərin bank aktivlərinin dondurulması ilə yanaşı, Vaşinqton Rusiya banklarına qarşı da sanksiyalar tətbiq edə və bu ölkəni dollar sistemindən təcrid edə bilər.
Nüfuzlu “The Wall Street Journal” qəzetinin xəbərinə əsasən ABŞ-ın ilk sanksiyaları bir neçə gündən sonra elan olunacaq. Bu sanksiyalar Kremlin Krımı ilhaq cəhdlərində iştirak edən rusiyalı və ukraynalı məmurlara qarşı tətbiq ediləcək. “Maliyyə Nazirliyi artıq Krımın ilhaqında rol oynayan ayrı-ayrı Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək üçün səlahiyyətə malikdir. Biz “qara siyahı”ya daxil ediləcək şəxslərin fəal axtarışını aparırıq”, - deyə adının çəkilməsini istəməyən yüksək vəzifəli amerikalı dövlət məmuru söyləyib. ABŞ-da qəbul olunan “Maqnitski Aktı” Putin hökumətində və təhlükəsizlik strukturlarında vəzifə tutan çoxlu sayda şəxsə də şamil oluna bilər.
Bundan başqa, Obama administrasiyası 11 sentyabr terrorundan sonra silah qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə mübarizə məqsədilə hazırlanan hüquqi vasitələrdən Moskvaya qarşı da istifadə etməyə hazırlaşır. ABŞ Maliyyə Nazirliyi Rusiyanı gizli qlobal silah ticarəti və mütəşəkkil cinayətkar qruplaşmalarla əlaqəli qanunsuz biznesin mərkəzlərindən biri kimi görür.
“The New York Times”ın yazdığına görə, ABŞ rəhbərliyini narahat edən məqamlardan biri də budur ki, Putin Krımı ələ keçirməklə kifayətlənməyə bilər, çünki Krım yarımadasının Rusiya ilə quru sərhədi yoxdur və bu regionu su, elektrik enerjisi və digər zəruri ehtiyatlarla Ukrayna təmin edir. Bu isə o deməkdir ki, Moskva Krım anklavının normal həyatını təmin etmək üçün başqa Ukrayna ərazilərini də ələ keçirə bilər.