ABŞ Silahlı Qüvvələri FAMM (Family of Affordable Mass Munitions) proqramı çərçivəsində ucuz qanadlı raketlərin seriyalı istehsalına başlamağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Kennet Uilsbax Senatda keçirilən dinləmələr zamanı bildirib.
“FAMM təşəbbüsü çərçivəsində hazırlanan raketlər bu ilin sentyabrında istehsala buraxılmaq üzrədir”, - deyə Uilsbax bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə və Avropada baş verən hadisələr göstərib ki, silahların kütləvi istehsalı və yüksək sürətlə istehsal imkanları böyük əhəmiyyət daşıyır.
“Kütləvi istehsal vacibdir, çünki bu, rəqib üçün müdafiəni daha mürəkkəb edir”, - deyə ABŞ HHQ-nin Baş Qərargah rəisi vurğulayıb.
FAMM proqramı çərçivəsində istehsal olunacaq raketlərin dəyəri “Tomahawk” və AGM-158 JASSM kimi mövcud Amerika qanadlı raketlərindən xeyli aşağı olacaq.