Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələrdən öncə xəbərdarlıq ediləcək.
APA-nın məlumatına görə, bununla əlaqədar üçüncü oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə müvafiq əlavə edilib.
Birinci və ikinci oxunuşda müzakirəyə çıxarılan layihəyə əsasən, kütləvi informasiya vasitələrində, internet informasiya resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslərin yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslərin üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxsləin beş yüz manatdan min manatadək məbləğdə cərimə edilməsi təklif olunurdu.
Üçüncü oxunuşda müzakirəyə çıxarılacaq layihəyə əsasən, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq ediləcək və ya onlar yüz manatdan iki yüz manatadək məbləğdə cərimə olunacaq. Eyni zamanda vəzifəli şəxslərə xəbərdarlıq ediləcək və ya onlar üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə olunacaq. Hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.
Qeyd edək ki, dövlət dili normalarının pozulmasına görə cərimələr internet informasiya resurslarına şamil edilməyəcək.