Braziliya prezidenti Luiz İnasio Lula da Silva təyyarə qəzasında həlak olanların xatirəsinə ölkədə üç günlük matəm elan edib.
APA xəbər verir ki, bu barədə o, öz şəxsi “X” səhifəsində məlumat verib.
“Vinhedoda baş vermiş faciəvi hadisənin 61 qurbanının xatirəsinə biz ölkədə üç günlük rəsmi matəm elan etdik”, - deyə o yazıb.
Qeyd edək ki, dünən gündüz saatlarında Voepass aviaşirkətinə məxsus ATR-72 təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarənin göyərtəsindəki 57 sərnişin və 4 ekipaj üzvü həlak olub.
***
23:01
Vinhedo bölgəsinin rəsmiləri Braziliyada baş verən təyyarə qəzasında heç kimin sağ qalmadığını açıqlayıb.
APA xəbər verir ki, təyyarə 58 sərnişin və 4 ekipaj üzvü ilə Kaskaveldən havaya qalxıb Quarulyos istiqamətində hərəkət edib.
Təyyarə, Vinhedo şəhərinin yaşayış massivlərindən birinin üzərinə yerə çırpılıb. Hadisə zamanı yerdə xəsarət alan olmayıb.
Qəzanın səbəbi hələ ki, məlum deyil.
***
21:38
Braziliyanın cənub-şərqində San-Paulu ştatının Vinhedo bölgəsində göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə “G1” xəbər portalı məlumat yayıb.
Portalın yaydığı məlumata görə söhbət təxminən 68 sərnişin daşımaq üçün nəzərdə tutulmuş ATR 72 model təyyarədən gedir.
Təyyarənin daxili reyslə Kaskaveldən Quarulyosa uçduğu bildirilir.
Portal hadisə zamanı ölən və xəsarət alanlarla bağlı məlumat verməyib.