“Qarabağ”ın yeni transferi: “Ehtiyatda oturmaq üçün yox, oynamaq üçün gəlmişəm”

“Qarabağ”ın yeni transferi: “Ehtiyatda oturmaq üçün yox, oynamaq üçün gəlmişəm”
# 05 iyul 2019 14:06 (UTC +04:00)

“Qarabağ”a gəldiyim üçün çox xoşbəxtəm. Klubun hədəflərindən xəbərim var və əsas məqsədim Çempionlar Liqasının qrupuna gedən yolda komandama kömək etməkdir”.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın yeni transferi Ailton Ferreyra Silva deyib.

Müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı müdafiəçi növbəti mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək. Ağdam klubu ilə 1 illik razılıq əldə edən A. Silva keçidinə münasibət bildirib: “Vaxtı ilə Azərbaycanda oynamışam, o zaman “Qarabağ”la danışıqlar olmuşdu. Çox təəssüf ki, yarımçıq qalmışdı. Həmişə fikirləşirdim ki, Azərbaycana qayıtsam, yalnız “Qarabağ”da oynayacağam. Bu komanda ilə avrokuboklarda oynamaq şansın yüksəkdir və daha çox diqqət mərkəzində olursan”.

“Neftçi”nin sabiq futbolçusu “Qarabağ”ın oyun tərzi və komandadakı rəqabətdən də danışıb: “Yeni komandamın hücum, baxımlı futbol oynadığını bilirəm. “Qarabağ”ın daha çox topa sahib olması xoşuma gəlir. Onların oyunlarını izləyirdim. Cinah müdafiəçiləri hücumlarda müntəzəm iştirak edir. Burada əlimdən gələni edəcəyəm ki, öz ötürmə və qollarımla komandama kömək edim. Bura ehtiyatda oturmaq üçün yox, oynamaq üçün gəlmişəm. Məşqlərdə var gücümlə çalışacağam ki, oyunlarda verilən şanslardan maksimum istifadə edib əsas heyətin üzvünə çevrilim”.

Cinah müdafiəçisi klubunun saytına ən qısa zamanda tam hazır olmaq üçün əlindən gələni edəcəyini bildirib: “Komanda yoldaşlarımın hansı fiziki durumda olduğunu deyə bilmərəm, mən son iki həftədir “Ştutqart”la məşqdə iştirak edirdim. Düzdür, hələ tam hazır deyiləm. Ancaq qısa zamanda bunu bacaracağıma ümid edirəm. Avrokuboklarda ilk oyunu cəza səbəbindən buraxacağıma görə çox məyusam. İstərdim, ilk oyundan məşqçinin ixtiyarında olum. Amma nə etmək olar? Cavab oyununda meydanda olmaq üçün çalışacağam”.

Braziliyalı komandaya ən qısa zamanda uyğunlaşacağını da dilə gətirib: “Azarkeşlər komanda üçün meydanda hər şeyini ortaya qoyacaq, avrokuboklarda uğur qazanmaq üçün əlindən gələni edəcək bir Ailton görəcəklər. Avrokuboklarla yanaşı, həm ölkə çempionatında, həm də kubokda da uğurlu nəticələr qazanmaq istəyirəm. Özümü tam bu uğurlara kökləmişəm.
Komandaya gəlməmişdən əvvəl Riçard Almeydayla danışdım. O, burada gözəl ab-havanın olduğunu bildirdi. “Qarabağ”da 3 ispaniyalı və braziliyalı olması oxşar dil baxımından tez uyğunlaşmağıma kömək edəcək. Bununla yanaşı, Araz Abdullayev və Rahil Məmmədovla birlikdə oynamışam. Ümid edirəm ki, komandama ən qısa zamanda adaptasiya olacam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR