"Neftçi” və "Qəbələ” arasında keçiriləcək sınaq matçının vaxtı dəyişdirilib.
Apasport.az Bakı klubunun saytına istinadən məlumat verir ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 14-də deyil, 13-də baş tutacaq.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması buna səbəb olub. "Bakcell Arena”da keçiriləcək yoxlama görüşü saat 19:00-da başlanacaq.
Qeyd edək ki, "Neftçi” hazırlıq çərçivəsindəki ilk sınaq oyununda dünən "Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib.