İran raketləri bir neçə yerdə İsrailin hava hücumundan müdafiə sistemlərini keçərək zərər verə bilib.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin yazdığına görə aprel ayındakı zərbələrdən fərqli olaraq, Tehran indi hücum üçün yalnız ballistik raketlərdən istifadə edir və onların uçuş sürəti qanadlı raketlərdən daha yüksəkdir.
Təhlillər göstərir ki, İran 180 raket atıb, onlardan 32-si İsrailin Nevatim Hərbi Hava Qüvvələri bazasını vurub. Bundan əlavə, ən azı bir raket Mossadın Təl-Əvivdəki qərargahının bir neçə yüz metrliyinə düşüb.
Bildirilir ki, İsrailin hava hücumundan müdafiə üçün istifadə etdiyi raketlər İran raketlərindən qat-qat bahadır və sayca azdır. Buna görə də İsrail ordusunun rəhbərliyi hansı əraziləri daha güclü müdafiə edəcəyinə qərar verməli olur.
Qəzetin yazdığına görə, İranın bəzi raketlərinin hədəfə çatmasına baxmayaraq, Tehran İsrailin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə sarsıda bilməyib.