Senatdakı demokrat çoxluğun lideri Çak Şumer və Nümayəndələr Palatasındakı azlığın lideri Hakim Ceffris ABŞ prezidenti Co Baydenə yenidən seçilmək istəyərək partiyanın gələcəyini riskə atdığını bildiriblər.
APA xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən mənbələrə istinadən “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşrin yaydığı məlumata görə ABŞ qanunverici orqanındakı demokrat liderlər keçən həftə Baydenlə təkbətək görüş zamanı ona deyiblər ki, onun seçkidə iştirakı partiyanın Konqresin hər iki palatasına nəzarət etmək imkanını təhlükə altına qoyur. Bu da öz növbəsində respublikaçılara öz təşəbbüslərini irəli sürmək üçün daha çox azadlıq verəcək.
Qeyd edək ki, Baydenin iyunun 27-də Trampla seçkiqabağı televiziya debatındakı fiaskosundan sonra ABŞ-da, o cümlədən demokrat yoldaşları arasında Ağ Evin sahibinə ən yüksək hökumət postunu saxlamaq cəhdlərindən əl çəkməyə çağırışlar daha da ucalmağa başlayıb.
Demokratların Baydenin yerinə namizəd axtarışında olduğuna dair də məlumatlar var.