“10-14 gün sonra ortaya çıxacaq göstəricilərə əsasən növbəti mərhələlərlə bağlı qərar veriləcək”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, SMS-lə evdən çıxmaq ləğv edilsə də, insanlar küçələrə, bulvara və parklara axın etməməlidir.
“Hər bir vətəndaşımızı məsuliyyətli olmağa çağırırıq”, - deyə TƏBİB-in sədri vurğulayıb.
R. Bayramlının sözlərinə görə, restoran və çay evlərində müvafiq tibbi-metodik göstərişlərə əməl olunmalıdır.
O qeyd edib ki, bu qaydalara əməl etməyənlər ciddi şəkildə inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar.