“Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar” proqramının açılış mərasimi keçirilir 

“Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar” proqramının açılış mərasimi keçirilir 
# 19 iyul 2019 10:31 (UTC +04:00)

Bu gün Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Dövlət Sektorunda Rəqəmsal Transformasiya və İnnovasiyalar” proqramının açılış mərasimi keçirilir.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımov təlimin dövlət xidmətlərinin rəqəmsallaşması, eləcə də innovasiyaların idarə edilməsi istiqamətində əhəmiyyətini vurğulayıblar.

Tədbirdə çıxış edən “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, Azərbaycanda artıq insanlar rəqəmsal transformasiyaya tam hazırdır: “Bu ilin fevral ayında elektron hökumətlə tərəfdaşlıq nəticəsində MDB regionunda ilk dəfə fərdi sahibkarlara və kiçik və orta sahibkarlıqla məşğul olanlara banka gəlmədən bankın müştərisi olmaq imkanı yaratdıq. Bizim bu layihəmiz tənqidlərlə üzləşmişdi ki, müştərilər banka müştəri olmaq üçün gəlmək istəyirlər. Artıq ay ərzində gələn yeni müştərilərin 80%-i banka gəlmədən bankın müştərisi olur. Bir müddət əvvələ qədər Azərbaycanda bankların müştərisi olmaq üçün 2-3 gün vaxt sərf olunurdu. Amma biz bunu 1 saat 5 dəqiqəyə endirdik. Müştəri 5 dəqiqə kompüter qabağında, 1 saat isə bizim filialda keçirməklə müştəri ola bilər. Amma mən düşünürəm ki, bu 1 saatı da ləğv etmək olar. Bunun üçün bir sıra qurumlarla inteqrasiyaya ehtiyac var. Tezliklə bu vaxt 5 dəqiqəyə enəcək".

Taleh Kazımov bildirib ki, beynəlxalq banklarla müqayisədə rəhbərlik etdiyi bankın elektron xidmətləri bir qədər də inkişaf etməlidir: “Biz çalışırıq ki, 2020-ci ilin sonuna qədər müştərilərin bank xidmətləri üzrə əməliyyatlarının 90%-i elektronlaşdırılmasına nail olaq".

Qeyd edək ki, iki gün davam edəcək təlim Rusiyanın “Skolkovo” İnnovasiya Mərkəzinin və İsveçrənin “St.Gallen Universiteti”nin ekspertləri tərəfindən keçiriləcək. Təlimdə iştirak edən dövlət qurumlarının innovativ inkişaf məsələləri üzrə məsul əlaqələndirici şəxslərinin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsallaşma ilə bağlı son proseslər və mütərəqqi texnologiyalar sahəsində, eləcə də rəqəmsal transformasiya və innovasiyaların idarə edilməsi istiqamətində məlumatlılıq səviyyəsinin yüksəldilməsi nəzərdə tutulub. Proqramın ikinci günü milli rəqəmsal strategiya, milli rəqəmsal transformasiya proqramları, dövlət və ictimai-özəl əməkdaşlığın rolu, rəqəmsal transformasiyadakı növbəti addımlar mövzusunda təlimlər və müzakirələrlə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR