BDU-da "Abay İli"in açılışı olub

BDU-da "Abay İli"in açılışı olub
# 30 yanvar 2020 16:04 (UTC +04:00)

Bu gün Bakı Dövlət Universitetində (BDU) türk dünyasının önəmli şəxsiyyətlərindən biri, müasir qazax yazılı ədəbiyyatının banisi, ictimai xadim və maarifçi Abay Kunanbayevin 175 illik yubiley tədbirlərinin və türk dünyasında “Abay İli”nin açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbir Beynəlxalq Türk Akademiyası (BTA), Azərbaycan Respublikası Təhsil Nazirliyi (TN), Bakı Dövlət Universiteti, L.Qumilyov adına Avrasiya Milli Universiteti, Qazaxıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Açılış mərasimində Beynəlxalq Türk Akademiyasının rəhbərliyi və nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil nazirlərinin müavinləri və təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, üzv ölkələrin Bakıdakı səfirləri, müxtəlif ölkələrdən nüfuzlu alim və ictimai xadimlər iştirak ediblər.

BDU-nun rektoru Elçin Babayev mötəbər tədbir münasibətlə iştirakçıları təbrik edərək 2020-ci ilin türk dünyasında "Abay İli" elan edildiyini qeyd edib: "Əsərləri dünyanın bir çox dillərinə çevrilmiş Abayın dünya görüşünün formalaşmasında Füzuli, Əlişir Nəvai kimi Şərq mütəfəkkirləri ilə yanaşı Höte, Krılov, Bayron kimi Qərb mütəfəkkirlərin də rolu olub. Onun əsərləri, mahnıları bizə qoyub getdiyi mirasıdır. Türk dünyasını möhtərəm şəxsiyyətlərinin yubiley mərasimlərinin keçirilməsi, onların miraslarının gələcək nəsillərə ötürülməsi baxımından olduqca vacibdir. Hesab edirəm ki, "Abay İli"in açılış mərasiminin Bakı Dövlət Universitetindən başlaması da əhəmiyyətli və Azərbaycanda Abay yaradıcılığına verilən qiymətin təzahürüdür".

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva türkdilli ölkələr arasında əməkdaşlığın yüksələn xətlə inkişafının Azərbaycan üçün vacibliyindən bəhs edib: "Türk dünyası üçün böyük xidmətləri olan şəxslərin həyatlarının öyrənilməsi qarşıda duran əsas məqsədlərdən biridir. Bununla birlikdə böyük şəxsiyyətlərin yubileylərinin keçirilməsi gənc nəslin maariflənməsində böyük rol oynayır. "Abay İli"nin Azərbaycanda keçirilməsinin ölkələrimiz aralarında əlaqələri daha yüksəklərə daşıyacağına əminəm".

BTA prezidenti Darxan Kıdırəli isə qazax xalqının mənəvi lideri sayılan Abay Kunanbayevin 175 illik yubileyinin keçirilməsini əlamətdar hadisə adlandırıb, o, “Abay İli”nin açılışının Azərbaycanda baş tutmasını simvolik hadisə hesab edib: "Çünki bura Nizaminin, Füzulinin, Sabirin ölkəsidir. Abay da Nizamini, Füzulini özünün sələfi qəbul edib. Bu baxımdan Abay təkcə qazax xalqının deyil, bütün türk dünyasının tarixi şəxsiyyətdir".

Sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkdilli Dövlətlərin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı və başqaları çıxış ediblər.

Mərasim bədii hissə ilə davam edib. Qazaxıstanın əməkdar artisti, professor Kenjeqali Mırjıkbayı və onu müşayiət edən musiqiçi, beynəlxalq mükafatlar laureatçısı Elena Sahnonun çıxışları maraqla qarşılanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR