Baş Nazir Əli Əsədov “Psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum Tələblər”in təsdiq edilməsi barədə qərar qəbul edib.
APA-nın məlumatına görə, bu Tələblər “Psixoloji yardım haqqında” qanununa uyğun olaraq hazırlanıb və Azərbaycan Respublikasında psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum tələbləri müəyyən edir.
Bu Tələblərin müddəaları “Psixiatriya yardımı haqqında” Qanununa uyğun olaraq həkim tərəfindən həyata keçirilən psixiatriya yardımına, Azərbaycan Respublikasının inzibati xətalar, cinayət və mülki prosessual qanunvericiliyinə əsasən, təyin edilmiş psixoloji ekspertizaya, Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan iş yerlərində işə qəbul, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla əlaqədar psixoloji müayinəyə şamil edilmir.
Psixoloji yardım “Psixoloji yardım haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla təşkil edilir.
Psixoloji yardım könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilməlidir.
Nazirlər Kabinetinin qərarına əsasən, psixoloji yardımın növlərinə dair minimum tələblər aşağıdakılardır:
- vasitəli və təcili psixoloji yardım istisna olmaqla, psixoloji yardımın növünə uyğun olaraq əyani materiallarla və zəruri avadanlıqla təchiz edilmiş psixoloji yardım kabinetində göstərilməsi;
- göstərilən psixoloji yardımın nəticələrinin qeydiyyatının aparılması;
- ünsiyyət nəticəsində psixoloji yardım almaq üçün müraciət etmiş şəxsin psixoloji narahatçılığına səbəb olan halların müəyyən edilməsi və həmin halların yaratdığı psixoloji gərginliyin aradan qaldırılmasına yönəlmiş ilkin yardımın göstərilməsi;
- psixoloji yardım almaq üçün müraciət etmiş şəxslə birlikdə göstəriləcək psixoloji yardımın növünün seçilməsi;
- psixoloji yardımın psixoloqun peşə etikasına riayət etməklə göstərilməsi.
Qanunun 4.1.1-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoloji profilaktika və maarifləndirmə növünə dair minimum tələblər aşağıdakılardır:
- sağlam həyat tərzinin dəstəklənməsi, psixoloji problemlərin həlli, stressin idarə olunması, psixi problemlərin yaranmasına səbəb olan hallara dair təbliğat işinin təşkili və bu barədə məlumatlandırmanın aparılması;
- psixoloji yardım alan şəxslərin və (və ya) onların qanuni nümayəndələrinin psixi sağlamlıqla bağlı məlumatlandırılması.
Qanunun 4.1.2-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoloji konsultasiya növünə dair minimum tələblər aşağıdakılardır:
- emosional dəstək və psixoloji problemlərin həllinə kömək göstərilməsi;
- ətrafdakı reallığa adekvat münasibətin və müxtəlif vəziyyətlərdə seçim etmək bacarığının inkişaf etdirilməsi;
- şəxsin fərdi-psixoloji xüsusiyyətlərinin, cəmiyyətdə baş verən hadisələrə münasibətdə meyl və maraqlarının müzakirə edilməsi.
Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoloji dəstək növünə dair minimum tələblər aşağıdakılardır:
- şəxsin adaptasiya qabiliyyətinə təsir edə biləcək psixoloji problemlərin aşkarlanması;
- aşkarlanmış psixoloji problemlərin qarşısının alınması;
- şəxsin cəmiyyətə inteqrasiyası və psixi gərginliyinin azaldılması
Qanunun 4.1.4-cü maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoloji müayinə (diaqnostika) növünə dair minimum tələblər aşağıdakılardır:
- verbal (şifahi ünsiyyət) və ya davranışın müşahidəsi üsulundan istifadə etməklə, şəxsin psixoloji vəziyyətinin və psixoloji problemlərinin müəyyən edilməsi;
- şəxsin psixoloji vəziyyətinin, psixi (zehni, emosional, davranış) və (və ya) interpersonal pozuntularının psixoloji testlər vasitəsilə müəyyənləşdirilməsi və qiymətləndirilməsi.
Qanunun 4.1.5-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoterapiya növünə dair minimum tələblər aşağıda- kılardır:
- psixoloji yardım almaq üçün müraciət edən şəxsin disfunksional fikirlərinin və davranışlarının müəyyənləşdirilməsi və dəyişdirilməsi;
- psixi problemlərin məşğələ müddətində keçmişə istiqamətlənmiş suallar vasitəsilə araşdırılması və problemlərin səbəblərinə yönəldilərək aydınlaşdırılması;
- problemlərin həlli üsulunun özü tərəfindən tapılmasına yardım edilməsi;
- şəxsiyyətlərarası münasibətlərdə müşahidə edilən çətinliklərin aradan qaldırılmasına yardım edilməsi.
Qanunun 4.1.6-cı maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoloji reabilitasiya və psixoloji korreksiya növünə dair minimum tələblər aşağıdakılardır:
- psixoloji diaqnostikanın nəticələri əsasında psixoloji korreksiya istiqamətlərinin müəyyən edilməsi və zəruri metodiki materialların seçilməsi;
- sosial adaptasiyanın azalması və itirilməsi hallarının bərpası;
- yardımın keyfiyyətini və səmərəliliyini təmin etmək məqsədilə psixoloqun digər ixtisaslı mütəxəssislərlə birlikdə psixoloji yardım göstərməsi;
- psixoloji yardım almaq üçün müraciət edən şəxsin yaş, cins və digər xüsusiyyətləri nəzərə alınmaqla, fərdi psixoloji yardım planının hazırlanması və həmin plana uyğun psixoloji yardım göstərilməsi;
- psixoloqun digər ixtisaslı mütəxəssislərlə birlikdə fərdi psixoloji yardım və inkişaf planları hazırlaması və onun yerinə yetirilməsində iştirak etməsi.
Qanunun 4.1.7-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın psixoloji treninq (psixoloji təlim) növünə dair minimum tələblər aşağıdakılardır:
- psixoloji treninqin (psixoloji təlimin) mövzusunun, formasının və keçirilmə texnologiyasının müəyyən edilməsi;
- təşkilati məsələlərin (məşğələlərin keçirilmə tezliyinin, davametmə müddətinin və s.) müəyyən edilməsi;
- təlimin aparılması üçün lazımi materialların seçilməsi;
- təlim iştirakçıları arasında psixoloji təhlükəsizlik və sərbəst ünsiyyət mühitinin yaradılması;
- psixologiya sahəsi ilə bağlı yeni biliklərin əldə edilməsi, vərdişlərin və münasibətlərin inkişafı.
Həmçinin Psixoloji yardımın formalarına dair minimum tələblər də məlum olub.
Qanunun 4.2.1-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın formalarına dair minimum tələblər aşağıdakılardır:
- bilavasitə psixoloji yardıma münasibətdə – psixoloji yardım alan şəxslə psixoloqun canlı ünsiyyətinin təmin edilməsi, psixoloji yardımın əyani materiallarla təchiz edilmiş psixoloji yardım kabinetində həyata keçirilməsi;
- vasitəli psixoloji yardıma münasibətdə – psixoloji yardımın telefon, internet və digər texniki vasitələrdən istifadə yolu ilə, konfidensiallıq prinsipi əsasında təmin edilməsi.
Qanunun 4.2.2-ci maddəsində nəzərdə tutulan psixoloji yardımın formalarına dair minimum tələblər (iştirakçıların sayı və tərkibi nəzərə alınmaqla) aşağıdakılardır:
- fərdi psixoloji yardıma münasibətdə – psixoloji yardım göstərilməsi prosesinin digər şəxslər tərəfindən izlənilməsi imkanının istisna olunması, konfidensiallığın və təhlükəsizliyin təmin edilməsi;
- ailəyə göstərilən psixoloji yardıma münasibətdə – psixoloji yardım göstərilməsi prosesinin ailə üzvlərindən kənar digər şəxslər tərəfindən izlənilməsi imkanının istisna edilməsi, ailə üzvlərinin fərdi xüsusiyyətlərinin nəzərə alınması, problemlərin aşkara çıxarılması və həlli yolları barədə məsləhətlərin verilməsi;
- qrup halında göstərilən psixoloji yardıma münasibətdə – psixoloqun və ya klinik (tibbi) psixoloqun rəhbərliyi ilə psixoloji yardım alan şəxslərin birgə fəaliyyəti, qrupda istifadə ediləcək tematik planların və (və ya) proqramların işlənib hazırlanması, məşğələlərin həmin plana və (və ya) proqramlara uyğun və müvafiq qaydada təchiz edilmiş (ən azı iştirakçıların sayı qədər stul olan, əlavə səs-küyün olmadığı) otaqda keçirilməsi.
Qanunun 4.2.3-cü maddəsində nəzərdə tutulan davametmə müddətindən asılı olaraq, psixoloji yardımın formasına dair minimum tələblər aşağıdakılardır:
- təcili psixoloji yardıma münasibətdə – psixoloq və ya klinik (tibbi) psixoloq tərəfindən kəskin stress vəziyyətində olan (böhran vəziyyəti), neqativ psixoloji gərginliyin aradan qaldırılmasına istiqamətlənmiş ilkin psixoloji yardımın təxirə salınmadan, fərdi və ya qrup şəklində, bilavasitə yerində və ya vasitəli formada göstərilməsi;
- birdəfəlik psixoloji yardıma münasibətdə – psixoloji maarifləndirmə, müayinə və konsultasiya növündə psixoloji yardımın bir dəfə göstərilməsi;
- qısamüddətli psixoloji yardıma (12 (on iki) məşğələyə qədər) münasibətdə – psixoloji yardımın növü və psixoloji yardım alan şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmaqla, psixoloji yardımın 3 (üç) ay müddətində ardıcıl şəkildə həyata keçirilməsi;
- uzunmüddətli psixoloji yardıma (12 (on iki) məşğələdən çox) münasibətdə – gözlənilən nəticələrə nail olmaq üçün 12 (on iki) məşğələdən çox müddət tələb edən psixoloji yardımın, o cümlədən psixoterapiya və ya psixoloji reabilitasiyanın həyata keçirilməsi.