Fariz Nəcəfov: "Heç kim Premyer Liqanı tərk etməməlidir"

Fariz Nəcəfov: "Heç kim Premyer Liqanı tərk etməməlidir"
# 24 may 2020 14:56 (UTC +04:00)

"Mövsümün qalan matçları keçirilməsə, hansısa komandanın Premyer Liqadan düşməsi müzakirə oluna bilməz".

Bunu apasport.az saytına "Qəbələ"nin prezidenti Fariz Nəcəfov deyib.

Koronavirus pandemiyası səbəbindən dayandırılan Premyer Liqada 20 turdan sonra komandasının axırıncı pillədə qərarlaşmasına münasibət bildirən klub rəhbəri mövsümün bərpa olunacağına inanır.

Nəcəfov vurğulayıb ki, əgər mövsüm erkən başa çatdırılsa, sonuncu pillənin sahibi elitanı tərk etməyəcək: "Çempionat idman prinsipləri ilə başa çatmasa, heç kim Premyer Liqanı tərk etməməlidir. Nəzərə alaq ki, avrokuboklara düşmək uğrunda həm çempionatda, həm kubokda şansımız davam edir. Mən deyərdim komandamız sonuncu yer haqda yox, daha çox avrokuboka vəsiqə barədə düşünür. Amma qeyd etdiyim kimi, belə olan halda, diviziona düşməkdən söhbət getmir. Avropa ölkələrinə də nəzər yetirdikdə, eyni vəziyyəti müşahidə edərik. Başa çatmayan çempionatlarda aşağı diviziona komanda düşmür".

Qeyd edək ki, hazırda Premyer Liqada 8-ci pillədə yer alan "Qəbələ" (19 xal) 4-cü yerdəki "Sumqayıt"dan 4 xal geri qalır. "Qırmızı qaralar" eyni zamanda ölkə kubokunun yarımfinal mərhələsində "Zirə" ilə qarşılaşmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR