Bayram günlərində əhali fasiləsiz nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) "APA-Economics"ə verilən məlumata görə, bayram günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.
24-25 may tarixlərində Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən "Şəbəkə" xidmət mərkəzləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Mərkəzlər digər bayram günlərində isə saat 09:00-dan 17:00-dək əhaliyə xidmət göstərəcək.
Vətəndaşlardan qarşılaşdıqları müvafiq problemlərlə bağlı 1655 nömrəli "Qaynar xətt"lə əlaqə saxlamaları xahiş olunur.