Şəmkir Su polisi qanunsuz balıq ovçusunu saxlayıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsi əməkdaşlarının 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə birlikdə Kürütökmə aylığı çərçivəsində ekoloji cinayətlərə qarşı mübarizə məqsədilə həyata keçirilən əməliyyat tədbiri zamanı qeydə alınıb.
Şəxsiyyəti sonradan müəyyən olunmuş Şəmkir rayon Qaracaəmirli kənd sakini Əhmədov Elşən Xanlar oğlu Yenikənd su anbarının Səməd Vurğun kəndi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olduğu zaman saxlanılıb.
Yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 1 ədəd hava üfürən, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 100 metr, eni 6 metr, gözlərinin ölçüləri 24*24 mm. Və 90*90mm olan 2 ədəd tor və 19 ədəd şamayı balıqları aşkar edilərək maddi sübut kimi götürülüb.
Sorğu zamanı Elşən Əhmədov həmin balıqları Yenikənd su anbarından yanında aşkar edilmiş sintetik tor, qurğu və vasitələrlə qanunsuz olaraq ovladığını etiraf edib.