ABŞ-ın sabiq prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçkidə qalib gələrsə, qeyri-leqal miqrantlar arasından cinayətkarlıqla mübarizə aparacaq elit hüquq-mühafizə orqanlarının nümayəndələrindən ibarət xüsusi əməliyyat qrupu yaradacaq.
APA xəbər verir ki, Tramp bu haqda cümə günü Nevada ştatının Las-Veqas şəhərində çıxış edərkən bildirib.
“Mən Ağ Evə qayıdanda elit federal hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi əməliyyat qrupu yaradacağam. Onlara ölkəmizi zəbt edən bütün xarici quldur dəstələrini və mütəşəkkil cinayətkar şəbəkələri məğlub edib məhv etmək tapşırılacaq.”, - deyə o bildirib.
Tramp əlavə edib ki, dünyanın hər yerindən əvvəllər həbsxanalarda, ruhi xəstəxanalarda saxlanılan, əksəriyyəti terrorçu olan milyonlarla qeyri-qanuni mühacir cənub sərhədindən ABŞ-a gəlir və o bu problemi kökündən həll edəcək.