"Azərbaycan vətəndaşlarının xaricə səfərləri ilə bağlı hər hansı məhdudiyyət mövcud deyil. Lakin mövcud COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində bu ilin 31 may tarixinədək beynəlxalq uçuşlar, gediş-gəliş müvəqqəti dayandırılıb".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.
O deyib ki, təbii ki, belə olan halda vətəndaşlarımızın sərbəst şəkildə xaricə səfərlərindən danışmaq olmaz: “Lakin bu məsələdə başqa bir tərəfi də diqqətə alınmalıdır. Hətta səfər məhdudiyyəti qoyulmasa belə, qəbul edən tərəfin xarici ölkə vətəndaşlarını qəbul etmə mexanizmini də nəzərə almalıyıq. Yəni, bu, bilavasitə əlaqəli şəkildə həyata keçirilən proses olmalıdır. Əgər qarşı tərəf, xarici ölkə qəbul etməyə hazırdırsa, vətəndaşların, xüsusən oturum icazəsi olan şəxslərin çarter reysi ilə səfəri həyata keçirilir".
Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə qeyd edib ki, son olaraq Avropa İttifaqına üzv ölkələr tərəfindən Azərbaycandan Bakı-Frankfurt istiqamətində çarter reysi təşkil olunub: “Bu xüsusda da Aİ ərazisində işləmək və yaxud hər hansı bir formada yaşamaq hüququ olan vətəndaşlar tərəfindən müraciətlər daxil olmuşdu. Avropa İttifaqının da icazəsi nəzərə alınmaqla həmin vətəndaşların qeyd olunan reys vasitəsilə ölkəmizdən çıxarılması təmin edildi. Azərbaycan tərəfindən tətbiq olunan vizalara gəldikdə isə, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq qarşılıqlı anlaşma şəraitində və digər tərəfdaşlarımızla əlaqələndirməklə birinci növbədə vizaların Azərbaycanın diplomatik nümayəndəlikləri vasitəsilə verilməsi dayandırıldı. İkinci mərhələdə isə “ASAN viza” vasitəsilə elektron vizaların verilməsi dayandırıldı. Həmçinin indiyə qədər viza verilmiş şəxslərə, yəni əcnəbi ölkələrin vətəndaşlarına da xəbərdarlıq göndərilərək onların vizasının müddətinin dayandırılması barədə məlumatlar verilib. Hazırda Azərbaycanın vizasız gediş-gəliş əlaqələri olan dövlətlərin vətəndaşlarının da ölkəmizdə gəlməsində məhdudiyyətlər və qadağalar var. Bu da xüsusi karantin rejiminin zərurəti və tələbatından irəli gəlir. Təbii ki, hazırda xüsusi karantin rejimi hələ ki, qüvvədədir və qlobal miqyasda, o cümlədən də qonşu dövlətlərdə olan vəziyyət nəzərə alınır, Operativ Qərargah tərəfindən qiymətləndirilir. Ümumi vəziyyətə uyğun olaraq bu sahədə də addımların atılmasına baxıla bilər, amma hazırda vizaların verilməsi prosesi və məhdudlaşdırmanın tətbiqi qüvvədə qalmaqdadır”.