“Koronavirus əsasən tənəffüs orqanlarına təsir göstərir. Bu faktor hava keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi zərurətini artırır”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, ətraf mühitə təsiri olan faktorlardan biri də atmosfer havasının oksigenlə zənginlik səviyyəsidir: "Təbii ki, həyatımızı oksigenlə zənginləşdirən əsas mənbə də yaşıllıq zonaları və meşə sahələridir. Bu gün yaşıllaşdırma kütləvi və davamlı prosesə, vətəndaş vərdişinə çevrilib. Son illərdə Abşeronda və ümumən ölkədə milyonlarla ağac əkilib və bu işlər bu gün də davam etdirilir. Havanın təmizlənməsi ilə bərabər flora və fauna elementlərində də pozitiv tendensiya müşahidə olunur. Azərbaycan təbiətində də bu dəyişikliklər aydın görünür. Nazirlik üzərinə düşən məsuliyyəti hiss edərək bundan sonra da zəruri tədbirləri görəcək".