Masallı rayonunda evdən ümumilikdə 1500 manata yaxın oğurluq edilib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında rayonun Şatıroba kəndində qeydə alınıb. 3 gün əvvəl kənd sakini Babakişi Nəzərova məxsus evdən oğurluq edilib. Ev sahibinin oğlu ilə gəlininin yaşadığı iki mərtəbəli evin 1-2 saatlıq boş olduğunu bilən naməlum şəxs və ya şəxslər qızıl-zinət əşyası ilə yanaşı nağd pul oğurlayıblar. İkinci mərtəbədəki dəhlizin pəncərələri sındırılıb və ümumilikdə ev sahibinə 1500 manata yaxın maddi ziyan dəyib.
Gecə saat 10-12 radələrində baş verən oğurluq hadisəsindən Nəzərovlar evə qayıtdıqdan sonra xəbər tutub. Ev sahibinin sözlərinə görə, şübhələndiyim adam olmasa da, 10 gün əvvəl toy mərasimi olan cütlüyün yaşadığı ev oğurluq üçün təsadüfi seçilməyib. Oğru kimdirsə, planlı şəkildə hərəkət edib və uzaqda deyil. 1 ay bundan əvvəl eyni ərazidə yerləşən başqa evdən oğurluq edilib.
Oğurlanan evin sahibi hadisə ilə bağlı Masallı Rayon Polis Şöbəsinin Boradigah Polis Bölməsinə müraciət edib. Faktla bağlı araşdırmalara başlanılıb.