“Çin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə zamanı digər ölkələrlə məlumat mübadiləsində şəffaf, məsuliyyətli və operativ olub”.
APA-nın xəbərinə görə, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Ümumdünya Səhiyyə Assambleyasının virtual formatda keçirilən 73-cü sessiyasında çıxışı zamanı deyib.
“Çox ağrılı mübarizədən və fədakarlıqdan sonra virusa qarşı mübarizədə irəliləyiş əldə etmişik və xalqımızın həyatını və sağlamlığını qorumuşuq. Xəstəliyə qarşı mübarizədə açıq, şəffaf və məsuliyyətlə hərəkət etdik”, - deyə Si Cinpin bildirib.
O vurğulayıb ki, Çin virus haqda məlumatı beynəlxalq ictimaiyyətlə vaxtında paylaşıb: “COVID-19-a nəzarət və onun müalicəsi üçün əlimizdən gələni etməliyik. Bu, ən aktual vəzifəmizdir. İnsanlarımızın həyatı hər zaman hər şeydən öndə olmalıdır. Virusun mənbəyi və ötürülməsi ilə əlaqədar alimlərin apardığı beynəlxalq araşdırmaları dəstəkləməyə davam etməliyik”.
S. Cinpin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-a qarşı mübarizənin formalaşmasına böyük töhfə verdiyini qeyd edib və təşkilatın fəaliyyətini təqdir edib.
Çin lideri bildirib ki, 2 il ərzində COVID-19-un sosial-iqtisadi təsirlərini aradan qaldırmaq üçün inkişaf etməkdə olan ölkələrə 2 milyard dollar məbləğində dəstək veriləcək.