Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən start verilən “Bir-birimizi qoruyaq!” adlı kampaniya çərçivəsində bu gündən etibarən könüllülər respublikamızın şəhər və rayonlarında, o cümlədən Bakının 12 rayonunda koronavirus (COVİD-19) pandemiyasının davam etdiyi dövrdə müxtəlif istiqamətlər üzrə cəmiyyətimizin sağlamlığı naminə fəaliyyətə başlayıblar.
APA-nın məlumatına görə, kampaniyanın məqsədi Azərbaycan könüllüləri tərəfindən karantin rejiminin yumşaldılması ilə əlaqədar insanların kütləvi toplaşdığı yerlərdə sosial məsafə və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılması, həm dövlətimizə, həm də koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə gecə-gündüz çalışan vətəndaşlarımıza könüllülərin dəstəyini nümayiş etdirməkdən ibarətdir. Kampaniyanın ilk günü çərçivəsində könüllülər daha çox təşviqat xarakterli maarifləndirmə fəaliyyəti aparıb, küçədə maskasız gəzən şəxslərə tibbi maska və əlcəklər təqdim edib, maska taxmağın vacibliyi və istifadə qaydaları barədə məlumat verib, insanların çox toplaşdığı yerlərdə (banklar, poçt, mağazalar və s.) sosial məsafənin saxlanılmasını təmin edib, obyektlərə daxil olanların əllərini və mağazalardakı ödəmə terminallarını dezinfeksiya ediblər. Eyni zamanda, sakinləri Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara diqqət yetirməyə, zərurət olmadan evdən çıxmamağa çağırıblar. Könüllülər özlərinin nümunəsində əyani şəkildə sosial məsafə saxlamağın vacibliyini nümayiş etdiriblər.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir. Öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.
Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.