Ötən il dövlət büdcəsinin 31,8 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib

Ötən il dövlət büdcəsinin 31,8 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib
# 16 may 2020 09:59 (UTC +04:00)

İqtisadi təsnifata uyğun olaraq 2019-cu il dövlət büdcəsi xərclərinin 31,8 faizi və ya 7 milyard 761,3 milyon manatı sosial yönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.

APA-nın məlumatına görə, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib.

Bu, 2018-ci illə müqayisədə 564,8 milyon manat və ya 7,8 faiz çoxdur.

2019-cu ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin və real gəlirlərinin yüksəldilməsi məqsədi ilə onlara ödənilən sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması reallaşdırılıb.

Ölkə əhalisinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində 2019-cu ildə bir sıra mühüm qərarlar qəbul edilməklə sosial müavinət və təqaüdlər orta hesabla 92,0 faiz, minimum pensiyanın məbləği 72,0 faiz, minimum əməkhaqqı 92,0 faiz artırılıb.

Bununla yanaşı, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda çalışanların əməkhaqlarının orta hesabla 50,0 faiz artırılması təmin edilib.

Yuxarıda sadalanan artımların maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla 4,2 milyon nəfəri əhatə edib.

Bu tədbirlərin maliyyə təminatı üçün zəruri maliyyə vəsaiti dövlət büdcəsində islahatlarla bağlı xərclərdən və dövlət büdcəsi xərclərinin müəyyən hissəsindən qənaət edilərək dövlət büdcəsinin ehtiyat fonduna yönəldilməsi hesabına təmin edilib. Eyni zamanda, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə müəyyən edilmiş vahid aylıq müavinətin məbləği 2019-cu il aprel ayının 1-dən 50 faiz artırılıb. Bu sosial tədbirin maliyyə təminatı 83,0 milyon manat təşkil etmiş, artım 500 min nəfər əhalini əhatə edib.

Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə ölkədə baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək üçün fiziki şəxslərin banklara 10,0 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsi vəsaiti hesabına ödənilib. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı 2019-cu ilin aprel ayının 19-dan başlayaraq ümumilikdə 639,0 milyon manat kompensasiya məbləğinin bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülməsi təmin edilib.

Eyni zamanda, 2019-cu ildə fiziki şəxslərin problemli kreditlərinin restrukturizasiyası məqsədilə kredit təşkilatlarına Mərkəzi Bank tərəfindən ayrılmış 214,8 milyon manat məbləğində kredit vəsaitləri dövlət zəmanəti ilə təmin edilib.

Hesabatda qeyd edilib ki, bu tədbirlər ölkədə fəaliyyət göstərən bank və kredit təşkilatlarının likvidliyinin artmasına, problemli kreditlərin azalmasına, maliyyə sabitliyinin yaxşılaşmasına geniş imkanlar yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR