Venesuelada Esekiba bölgəsi ilə bağlı referendum keçiriləcək - FOTO

Venesuelada Esekiba bölgəsi ilə bağlı referendum keçiriləcək - FOTO
# 27 noyabr 2023 15:32 (UTC +04:00)

Venesuela xalqı öz taleyinin sahibidir və heç bir qüvvə buna qarşı çıxa bilməz.

APA xəbər verir ki, bunu Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Berroteran bu gün jurnalistlər üçün təşkil olunan mətbuat konfransında deyib.

"Üç dekabrda ölkəmizdə Esekiba bölgəsi ilə bağlı məşvərət xarakterli referendum keçiriləcək. Venesuela Bolivar Respublikasının konstitusiyasına əsasən, ümumxalq səsverməsi baş tutacaq. Səsvermə nəticəsində Venesuela xalqı demokratik şəkildə qərar qəbul edəcək", - səfir bildirib.

Diplomatın sözlərinə görə, Latın Amerikası ölkələri uzun müddət müstəmləkə siyasəti yürüdən ölkələrin hücumlarına və təzyiqlərinə məruz qalıb.

"Venesuela tarixinə nəzər salanda görürük ki, Esekiba ərazisi ilə bağlı 1899-cu ildə Böyük Britaniyanın təşəbbüsü ilə təşkil olunan məhkəmə prosesində qərar qəbul edilir və qərar nəticəsində Esekiba çayının qərb sahili üzrə yeni sərhəd xətti çəkilir və xəritə tərtib edilir. Ən vacib məqam isə ondan ibarətdir ki, həmin məhkəmə iclasında bir nəfər də olsun Venesuela vətəndaşı iştirak etməyib. İclas 3 hakim tərəfindən idarə olunub, onların biri Böyük Britaniya, digərləri isə ABŞ və Rusiya nümayəndələri olub”, - o deyib.

Səfir vurğulayıb ki, diplomatik danışıqlar sayəsində həmin region Venesuela ilə Qayana dövlətləri arasında mübahisəli əraziyə çevrilib: “Venesuela sülh ölkəsidir, dialoq tərəfdarı olan ölkədir. Bu səbəbdən də ölkəmizin rəhbərliyi Qayana rəhbərliyini dialoqa dəvət edir.

Bütün bunları nəzərə alaraq, məşvərət referendumu mərhələsinin aktivləşdirilməsinə ehtiyac duyuldu. Venesuela Milli Assambleyasının qəbul etdiyi qərarla 3 dekabrda referendum təşkil ediləcək”.

Kristofer Berroteran qeyd edib ki, Qayana hökuməti Venesuelada referendumun keçirilməsinə qarşı çıxaraq, dünya birliyini bu ölkəyə ölkəyə təsir etməyə və referendum qərarının ləğvinə çalışıb.

“Dünyada heç bir dövlət Venesuela xalqının iradəsinə qarşı çıxa bilməz və ölkəmizin daxili işinə qarışa bilməz. Xüsusilə vurğulamaq istəyirəm ki, 3 dekabrda referendum keçiriləcək və heç bir üçüncü tərəfin və təşkilatın bu prosesə müdaxilə etmək kimi haqqı yoxdur", - diplomat əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR