Masallıda baş verən yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb.
APA-nın məlumatına görə, hadisə aprelin 22-də rayonun Ərkivan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Zaur Talıbovun idarə etdiyi “Kia Sorento” markalı avtomobillə əks istiqamətə çıxaraq ötmə əməliyyatını edərkən 2001-ci il təvəllüdlü Ümid Əşrəfovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Zərbənin nəticəsindən “Mercedes” markalı avtomobil əks yola çıxaraq rayonun Qodman kənd sakini, 1970-ci il təvəllüdlü Kənan Hatəmovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində K. Hatəmov və onun sərnişini, 1982-ci il təvəllüdlü Ağan Alışov hadisə yerində ölüb, 1955-ci il təvəllüdlü Tahirə Əliyeva və 1974-cü il təvəllüdlü Hədiyyə Əliyeva isə ağır xəsarətlərlə Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.