Bugünkü tədbir yalnız Azərbaycanın deyil, həm də regionun və dünyanın ərzaq təhlükəsizliyi və kənd təsərrüfatında inkişafı irəli aparan insanlar və tərəfdaşlıqların bayramıdır.
"APA-Economics" xəbər verir ki, bunu 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinin açılış mərasimi zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar bildirib.
Onun sözlərinə görə, FAO-nun Azərbaycan hökuməti ilə olan tərəfdaşlığı davamlı olaraq genişlənir. Təşkilat uzun illərdir Azərbaycanda kənd təsərrüfatı sektorunun tərəfdaşıdır.
"Cəmi bir neçə ay əvvəl Bakı COP29-a ev sahibliyi edib. Bu, iqlim dəyişikliyi kimi qlobal çağırışların həlli üçün dünya liderlərinin bir araya gəldiyi mühüm hadisə idi. Bu gün isə həmin tədbirin yaratdığı impulsu gündəlik işlərimizdə- dayanıqlı ərzaq sistemləri, su ehtiyatlarının daha yaxşı idarə olunması və iqlimə uyğun kənd təsərrüfatı vasitəsilə davam etdiririk", - Muhammed Basar qeyd edib