Azərbaycan "Biz birlikdə güclüyük" şüarı ilə görünməmiş nümunə ortaya qoyur - TƏHLİL

Azərbaycan "Biz birlikdə güclüyük" şüarı ilə görünməmiş nümunə ortaya qoyur - TƏHLİL
# 27 aprel 2020 19:12 (UTC +04:00)

COVİD-19 pandemiyası bütün dünya üçün bir nömrəli problem olaraq qalmaqdadır. Bir çox ölkənin sarsılmaz görünən iqtisadiyyatı iflasa uğradı. Pandemiya aparıcı Avropa ölkələrinin səhiyyə sisteminin acizliyini üzə çıxardı. Koronavirus pandemiyası “domino effekti”nə səbəb oldu və aparıcı ölkələrin iqtisadiyyatı və sənayeləri tənəzzülə uğradı.

Onu vurğulayaq ki, COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Şübhəsiz ki, indi hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır. Hökumətlərin atdığı addımların səmərəliliyi xalqın gələcək etimadı anlamına gəlir.

Postsovet məkanı da koronavirus pandemiyasından əziyyət çəkən bölgələr sırasındadır. Lakin bu ərazilərdə vəziyyət fərqlidir, ÜST-ün məlumatına görə, MDB məkanındakı vəziyyət bəzi Avropa ölkələrindən və ABŞ-dan daha nikbin görünür. Bu baxımdan, bölgənin lider dövlətlərindən olan Azərbaycanın pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Məsələ ondadır ki, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi.

Neft sektorunun inkişafı iqtisadiyyatın bütün sahələrinə təsir göstərdi. Azərbaycanda bütün sahələrdə sabitlik təmin edildi, əhalinin məşğulluq problemləri müsbət həllini tapdı və sadə vətəndaşın rifah halı iqtisadi inkişafının əsas prioritetlərindən birinə çevrildi.

Koronavirus pandemiyası başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin edildi, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı. Bir sözlə, Prezident Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar tektonik fəlakət zamanı öz sözünü deyə bildi. Prezident Əliyevin vaxtında apardığı islahatlar və tədbirlər ilk növbədə ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına nail olmaq idi və fors-major situasiyada bu addımlar öz önəmini göstərdi.

Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara dəstək, sosial həssas qruplara dəstək və atılan digər addımlar Azərbaycan nümunəsinin başlıca göstəricisidir.

Koronavirusa qarşı aparılan mübarizədə nümayiş etdirilən müsbət və inamlı nəticələr onu sübuta yetirdi ki, bu gün Azərbaycan dövləti yalnız öz mənbələri hesabına pandemiya ilə mübarizə üzrə təsirli tədbirlər planını həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyi verir. Bu, hər ölkənin bacara biləcəyi məsələ deyil.

Ölkə başçısı pandemiyaya qarşı mübarizədə bir sıra mühüm addımlar atdı. Belə ki, Prezidentinin sərəncamı ilə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Kütləvi yoluxmanın qarşısını almaq üçün demək olar ki, dərhal respublikada vəziyyət nəzarət altına alındı. Vaxtında təhsil prosesi dayandırıldı, bütün kütləvi tədbirlər ləğv edildi və təxirə salındı, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı. Bütün bu addımlar koronavirusun qarşısının alınmasında müstəsna rol oynadı. Vaxtında xüsusi karantin rejimi tətbiq edildi, vətəndaşlar sutkanın yalnız müəyyən vaxtında, “SMS icazəsi” ilə evlərini tərk edə bildilər. Bakı Metropoliteninin işi dayandırıldı, yerüstü ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırıldı.

Prezident İlham Əliyevin adından və bilavasitə nəzarəti altında həyata keçirilən və iqtisadiyyatın bütün həssas sahələrinə dövlət dəstəyi göstərməyə yönəlmiş geniş fəaliyyət də xüsusi qeyd edilməlidir.

Bunlara iş yerlərinin qorunması, koronavirus pandemiyasından zərər görən fərdi sahibkarlara maddi dəstək, o cümlədən vergi güzəştləri və vergi tətilləri verməklə sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimullaşdırmaq və ən əsası əhaliyə birbaşa sosial dəstək göstərmək kimi tədbirlər daxildir. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilən və iqtisadiyyatın bütün həssas sahələrinə dövlət dəstəyi göstərməyə yönəlmiş geniş fəaliyyət qeyd edilməlidir. Pandemiya zamanı iş yerlərinin qorunması, koronovirusdan zərər görən fərdi sahibkarlara maddi dəstək, o cümlədən vergi güzəştləri və vergi tətilləri verməklə Azərbaycan hökuməti sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimullaşdırmaq və ən əsası əhaliyə birbaşa sosial dəstək göstərmək baxımından mühüm addımlar atır.

Onu da qeyd edək ki, pandemiyaya qarşı qoruyucu vasitələrin azlığı bir çox ölkədə ciddi problemlər yaradırdı, lakin Azərbaycan hökuməti öz vətəndaşlarını koronavirusla mübarizədə istifadə olunan bütün qoruyucu vasitələrlə tam təmin edə bildi.

Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanda tibbi maskalar istehsal edən müəssisə açıldı. Bu müəssisənin istehsal həcmi gündə 250 min ədəd təşkil edir. Eyni zamanda, ölkədə dezinfeksiyaedici məhsullar, spirt və digər qoruyucu vasitələr istehsal olunur, bununla da pandemiyada bu məhsulların xarici idxaldan asılılığı minimuma endirilib. Bu gün Azərbaycanda koronavirusla bağlı əhalinin müntəzəm müayinə edilməsi üçün xarici ölkələrdən gətirilmiş müasir avadanlıq və zəruri ləvazimatlarla təchiz olunmuş 18 müasir laboratoriya fəaliyyət göstərir.

Pandemiya ilə mübarizədə müasir avadanlıqla təchiz edilmiş yeni tibb müəssisələrinin açılışı da mühüm rol oynadı. Xüsusi karantin rejimi dövründə həyata keçirilmiş “Biz birlikdə güclüyük” adlı sosial aksiya sayəsində aztəminatlı ailələrə 100 mindən çox ərzaq paketi paylandı. Aksiyada iştirak edənlərin sayı hər gün artır, həm dövlət, həm də özəl şirkətlər bu təşəbbüsə qoşulur. Bu, Azərbaycanda qısa müddət ərzində həyata keçirilən tədbirlərin yalnız kiçik bir hissəsidir. Buna görə də, əminliklə deyə bilərik ki, ölkə lideri İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan hökuməti koronavirusu məğlub etdi, bu gün ölkədə yoluxmuş insanların dinamikası bərpa olunanlardan azdır. Mayın 4-dən etibarən ölkənin tədricən xüsusi karantin rejimindən çıxacağı gözlənilir.

Əlbəttə ki, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına, o cümlədən də Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Buna baxmayaraq, ölkə rəhbərliyi vətəndaşlarının sağlamlığı və təhlükəsizliyini qorumaq üçün vaxtında tədbirlər görə bildi. Bundan əlavə, görülən bütün tədbirlərin strategiyası pandemiyanın nəticələrinin milli iqtisadiyyata mənfi təsirini azaltmağa, vətəndaşların sosial rifah halının pisləşməsinin qarşısını almağa, sahibkarların, muzdlu işçilərin, aztəminatlı təbəqənin hüquqlarının təminatına, o cümlədən pandemiyadan sonra iqtisadiyyatın inkişafına hesablanıb.

Prezident İlham Əliyevin gördüyü işlərin, atdığı addımların nə dərəcədə uğurlu olduğunu vətəndaşlardan gələn minlərlə məktub da sübut edir.

Bundan başqa, Azərbaycan dövlət başçısının uğurlarını Ümumdünya Səhiyyə Təşkilatı da yüksək qiymətləndirir. ÜST baş direktoru Tedros Adhan Gebreyesus da Prezident Əliyevin rəhbərliyi ilə görülən işləri yüksək qiymətləndirdiyini bəyan edib və pandemiyaya qarşı görülən tədbirlərlə əlaqədar Azərbaycanın nümunəvi ölkə kimi qəbul edildiyini vurğulayıb.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təcili Zirvə toplantısı keçirildi. Bu beynəlxalq tədbir koronavirus pandemiyasına həsr olunmuşdu. Mayın 4-də isə Prezident İlham Əliyevin təşəbbüsü ilə “Biz COVID-19-nin əleyhinəyik” mövzusunda Qoşulmama Hərəkatının video konfransının keçiriləcəyi planlaşdırılır.

Göründüyü kimi, Azərbaycan pandemiya dövründə beynəlxalq təşəbbüslərdən də bir addım geri çəkilmir.

Azərbaycan pandemiyanın nəticələrinin təsərrüfat subyektlərinə mənfi təsirinin qarşısını almaq üçün uğurlu bir model qura bildi. Bu müvəffəqiyyətin açarı ölkə rəhbərinin iqtisadiyyatın şəffaflığını təmin edən siyasətindədir. Cəmiyyətin Prezident ətrafında birləşməsi və ölkə rəhbərini dəstəkləməsi pandemiya üzərində qələbəni təmin edən başlıca amillərdən biridir. Bu gün bütün dünya Azərbaycanın təcrübəsini mənimsəyir. "Biz birlikdə güclüyük" şüarı ilə pandemiyaya qarşı savaşan Azərbaycan görünməmiş nümunə yarada bilib.

APA Analitics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR