Roberto Bordin: "Qələbənin dadını çıxarıb, sabahdan cavab matçına ciddi hazırlaşmalıyıq"

Roberto Bordin: "Qələbənin dadını çıxarıb, sabahdan cavab matçına ciddi hazırlaşmalıyıq"
# 26 iyul 2019 01:14 (UTC +04:00)

"Nəticədən və oyundan razıyam. Şadam ki, qələbə qazandıq”.

APA-nın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının II təsnifat mərhələsində Rusiya "Arsenal"ı ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Səfərdə baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Bakı təmsilçisinin çalışdırıcısı bildirib ki, verdiyi tapşırıqlar yerinə yetirilib: “Matçda öncə də demişdim ki, ağır oyun olacaq. Belə də oldu. Futbolçularımızın oyuna yanaşmasından çox razı qaldım. Onlar tapşırıqları düzgün yerinə yetirdilər. Pressinq tətbiq edib, rəqibə orta xəttə oynamağa imkan vermədilər. Sonradan meydana daxil olan futbolçulardan da razıyam. Onlar eyni tempi saxlamağı bacardılar. Qələbə münasibətilə komandamı təbrik edirəm”.

İtaliyalı mütəxəssisin sözlərinə görə, taktika rəqibdən asılı olaraq dəyişir: "Bu gün rəqibi sıxıb, irəlidə oynamağa imkan verməməyə çalışdıq. Ən çox da hücum xəttimizi qeyd edərdim. Həm cinah yarımmüdafiəçilərimiz, həm də hücumçumuz tapşırıqları düzgün yerinə yetirdilər. Mərhələni keçmək şansımızın neçə faiz olduğunu deməyim səhv olardı. Bu gün qələbənin dadını çıxarıb, sabahdan cavab matçına ciddi hazırlaşmalıyıq. Bu gün qalib gəlsək də, rəqibə hörmətlə yanaşırıq. Darionun hər iki ayağında qıcolma vardı. Mikrozədəsi olan digər futbolçularımız da var. Vəziyyətlərinin nə yerdə olduğuna sabah aydınlıq gələcək. Mərhələni keçəcəyimizə söz vermək böyük səhv olardı. Azarkeşlərimizin bura gəlib, bizi dəstəklədiklərinə görə çox sevinirəm. Onları qələbə münasibətilə təbrik edirəm. "Arsenal” məğlub olsa da, yaxşı oynadı, amma hansısa futbolçusunu xüsusi vurğulamağı düzgün saymıram”.

Qeyd edək ki, cavab oyunu avqustun 1-də Bakıda olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR