Suriyalı memar: “Müharibə nəticəsində mədəni irs siyahısına daxil olan abidələrimizə ciddi ziyan dəyib”

Suriyalı memar: “Müharibə nəticəsində mədəni irs siyahısına daxil olan abidələrimizə ciddi ziyan dəyib”
# 27 iyun 2019 17:43 (UTC +04:00)

Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işini davam etdirib.

APA-nın məlumatına görə, forumda UNESCO-nu Dünya İrs Mərkəzinin prinsipləri və obyektləri müzakirə olunub. Dünya İrs Mərkəzinin şöbə müdiri Petya Totçarova “Dünya İrs Sistemi: Proses, əsas faktorlar və onların rolları” mövzusunda məruzə ilə çıxış edib. O, dünyada mədəni abidələrin vəziyyəti, onlarla bağlı əsas çağırışları diqqətə çatdırıb.

Daha sonra Abidələr və Monumentlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndəsi Riçard Mackey, Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (IUCN) təmsilçisi Tim Badman və Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) nümayəndəsi Cozef Kinqin çıxışı dinlənilib. Onlar mədəni irsin qlobal mahiyyətindən bəhs edərək Abidə Menecerləri Forumunun yeni biliklərin əldə edilməsi, əlaqələrin qurulması və təcrübə mübadiləsi baxımından önəmi vurğulayıblar.

“Dünya irsinin monitorinqinin metodologiyası və alətlər” mövzusunun müzakirəsi zamanı dünya irsinin mövcud vəziyyətinə dair dövri hesabat diqqətə çatdırılıb. Hesabatın vəziyyətinə dair tədqiqatlarda Sloveniya təmsilçisi Tatyana Dizdareviç, Afrika Dünyası İrs Fondunun (AWHF) nümayəndəsi Albino Jopela, Bəhreyn nümayəndəsi Həsən Camali çıxış edib.

Suriyadan olan memar Lina Kutiefa bildirib ki, ölkəsindəki 4 min il yaşı olan Palmira şəhəri, Hələb və Dəməşq şəhərləri UNESCO-nun Dünya İrsi Siyahısına daxildir. Onun sözlərinə görə, Suriyada uzun illərdir davam edən müharibə nəticəsində bütün dünyaya məxsus olan bu mədəni irsə ciddi ziyan dəyib: "Palmira məbədi, Hələb və Dəməşq qismən dağıdılıb. Abidələr yanğınlardan ciddi ziyan görüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR